Qarabağdakı Rusiya sülhməramlılarının keçmiş komandanı, general-leytenant Rüstəm Muradov Şərq Hərbi Dairəsinin komandiri təyin edilib.
Bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Melikov Telegram kanalında bildirib.
“Düşünürəm ki, bu düzgün qərardır. Rüstəm Usmanoviç həmişə başqalarına rəhbərlik edən lider, düzgün qərarlar verən strateq, ilk hücuma keçən cəsarətli döyüşçü olub”, - deyə Melikov yazıb.
Rusiya Qəhrəmanı Rüstəm Muradov 21 mart 1973-cü ildə Dağıstan Muxtar Respublikasının Dərbənd rayonunun Çinar kəndində anadan olub. Milliyyətcə tabasarandır.
1990-cı ildən hərbi xidmətdədir. Sankt-Peterburq Ali Əlahiddə Ümumqoşun Komandanlıq Məktəbini (1995) və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Əlahiddə Ümumqoşun Ordusu Akademiyasını fərqlənmə diplomu ilə bitirib, həmçinin Rusiya Federasiyasının Silahlı Qüvvələri Baş Qərargahın Hərbi Akademiyasında təhsil alıb.
R.Muradov 11 noyabr 2020-ci ildən 2021-ci il sentyabrın 9-dək Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri olub.
Onun hazırda Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə rəhbərlik edən generallardan biri olduğu bildirilir.