Makron erməniləri qumara qoydu: UDUZAN ERMƏNİSTAN OLACAQ
ELÇİN ALIOĞLU YAZIR

Cənubi Qafqazda sülh istəməyən Fransa deyəsən, Ermənistanın taleyini geosiyasi qumara qoyub.

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Kimo kilyunen və Boyana Aberq 6-8 noyabrda  Ermənistanda səfərdə olacaqlar. Onlar İrəvanda hakimiyyət mənsubları ilə, daha sonra isə Azərbaycanı tərk edərək Ermənistana yollanmış qarabağlı ermənilərin bir qrupu ilə görüşəcəklər.

 

Bir qədər sonra isə "Human Rights Watch", "Freedom House", "Amnesty İnternational", "Reporters Without Borders" və s. "müstəqil" beynəlxalq təşkilatların təmsilçilərinin İrəvana yollanaraq əvvəlcə baş nazir Nikol Paşinyanın administrasiyasının, sonra da qarabağlı ermənilərin nümayəndələri ilə görüşəcəkləri şübhə doğurmur.

 

Onlar vəziyyətdən maksimum faydalanmağa, Aİ ölkələrindəki və ABŞ-dakı erməni diaspor təşkilatlarının rəğbətini qazanmağa, eyni zamanda Azərbaycana təzyiq cəhdlərinə əl atmağa çalışırlar.

 

Fransa bu sahədə bir sıra Qərb dövlətləri və təşkilatları üçün presedent rolunu oynayır.

 

Məsələn, Fransa parlamentinin sabiq deputatı, hazırda isə "Rekonkista" partiyasının sədr müavini olan Marion Mareşal artıq bir həftədir Ermənistandadır.

 

İrəvanda görüşlər keçirən M.Mareşalın "siyasi trafik"i o qədər qəribədir ki, o, Xankəndidəki sabiq separatçı xuntanın keçmiş rəhbəri Samvel Şahramanyanla da bir araya gəlib.

 

M.Mareşal belə görüşlərin ümumi ruhundan kənara çıxmayıb: bir qayda olaraq, qarabağlı ermənilərin hansısa fərdi ilə qarşılaşanda avropalı siyasətçilər mütləq qaydada "zillətlər çəkmiş erməni xalqı", "əzabkeş erməni etnosu", "birgə xristian yaddaşı" və s. kimi sarsaq mövzulardan bəhs etməyi çox sevirlər.

 

Ermənilərlə gündə onlarla avrodeputat, siyasətçi və ya hansısa "nümayəndə" görüşə bilər, lakin belə təmasların effektivlik səviyyəsi sıfıra bərabərdir.

 

Azərbaycan ərazilərinin 20 faizinin 30 il ərzində erməni işğalında olduğu dövrdə məcburi köçkünlərimiz və qaçqınlarımızla yüzlərlə belə nümayəndə, həmməruzəçi və s. görüşmüşdülər. Həmin təmaslardan sonra heç nə dəyişməmişdi.

 

Avropa dövlətləri və siyasətçiləri, habelə ABŞ-ın siyasi elitalarının belə davranışı indi də davam edir.

 

Kollektiv Qərb Ermənistanı yanlış istiqamətə yönəldib, separatçıların qeyri-qanuni fəaliyyətinin müdafiəsi məqsədilə ABŞ-a səfər etmələri üçün imkanlar yaratmaqla və maliyyə vəsaiti ayırmaqla Azərbaycan ərazilərində qanunsuz rejimin saxlanılmasına dəstək verib.

 

Hərgah Qərb ölkələri və siyasətçiləri Azərbaycana, habelə beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidlərə fərqli münasibət göstərsəydilər, Azərbaycana qarşı təhdidlərin güc yolu ilə həllinə ehtiyac qalmazdı və məsələ sülh yolu ilə həll olunardı.

 

Məhz Fransa və ABŞ-ın "əsas rol oynadığı" ATƏT-in Minsk Qrupunun vasitəçilik cəhdlərinin nəticə verməməsi və Ermənistanın işğalçı siyasətinin qarşısının alınmaması Azərbaycanı öz torpaqlarını hərbi yolla azad etməyə sövq edib. Buna görə də digər faktlarla yanaşı, kollektiv Qərb də keçmiş münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətsizliyinə görə məsuliyyət daşıyır.

 

Əfsuslar olsun ki, vəziyyət indi də əvvəlki onillərdəki kimidir.

 

Hətta Qərbin saxta orientirlərinin region üçün təhlükəsi daha da artıb.

 

Cənubi Qafqazda sülhün bərqərar olmasına və stabilliyin əldə edilməsinə bütün vasitələrlə mane olmağa çalışan Fransa destruktiv siyasətini davam etdirmək bir yana - daha da aqressivləşib.

 

Belə ki, rəsmi Paris BMT-nin Təhlükəsizlik Şurasında "qarabağlı ermənilərin qayıdışının, onların hüquqlarının və təhlükəsizliklərinin təminatı" ilə bağlı xüsusi qətnamənin qəbul edilməsinə can atır.

 

Fransanın müəllifi olduğu, "Erməni əhalinin Qarabağa qayıdışına şərait yaradılması haqqında" qətnamə layihəsi artıq BMT TŞ-dədir.

 

Rəsmi Paris indiyədək iki dəfə sözügedən strukturda Azərbaycana qarşı qətnamənin qəbul edilməsinə  çalışsa da, uğursuzluqlarla üzləşib, niyyətinə çatmayıb.

 

Fransanın xarici işlər naziri Katrin Kolonnanın dediyinə görə, qətnamə layihəsi "Qarabağ ermənilərinin hüquq və təhlükəsizliklərinin, o cümlədən onların tarixi və mədəni hüquqlarının təminatı üçün ciddi təminat mexanizmlərini nəzərdə tutur": "Həmin mexanizmlər arasında beynəlxalq müşahidəçilərin bölgəyə göndərilməsi də var".

 

Avqustda məhz Fransanın təşəbbüsü və israrı ilə BMT TŞ-də "Laçın dəhlizinin açılması və qarabağlı ermənilərə humanitar yardımların çatdırılması" müzakirə edilmişdi. Həmin müzakirələr hansısa sənəd və qətnamə qəbul edilmədən başa çatmışdı.

 

Rəsmi Paris də sözügedən qurumda ermənilərə tam dəstək məqsədilə sənədin qəbuluna nail ola bilməyəcəyini anladığından təşəbbüslərini təxirə salmışdı.

 

İndisə Paris yenidən aktivləşib və BMT TŞ-yə Azərbaycana qarşı yönəlmiş "Qarabağlı ermənilərin qayıdışına şərait yaradılması haqqında" qətnamə layihəsini təqdim edib.

 

Rəsmi Bakı qarabağlı ermənilərin qayıdışına etiraz etmir: tam əksinə, həmin şəxslər üçün Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş bütün hüquqların və azadlıqların təmin ediləcəyini bildirir.

 

Rusiya Federasiyası da qayıdışın tərəfdarıdır. Rəsmi Moskva Azərbaycanı tərk edərək Ermənistana yollanmış qarabağlı ermənilərin qayıdışını gözlədiyini vurğulayır.

 

Rusiyanın mövqeyi anlaşılandır: rusiyalı sülhməramlıların Azərbaycan ərazisində 2025-ci ilədək qalmalarının hüquqi və faktiki bazası olmalıdır, Moskva da bu nüansı əldən verməməyə çalışır.

 

Eyni zamanda, Bakı və Moskva anlayırlar ki, Fransanın əsas məqsədi "qayıdış" yox, "qarabağlı ermənilərin hüquqlarının və təhlükəsizliyinin təminatı məqsədilə" bölgəyə BMT bayrağı altında beynəlxalq missiyanın yeridilməsidir.

 

Həmin missiyanın mülki müşahidəçilərdən, yaxud silahlı sülhməramlılardan ibarət olacağı Paris üçün o qədər də önəmli deyil: prezident Emmanuel Makronun əsas məqsədi ümumiyyətlə, Qarabağa beynəlxalq missiyanı yerləşdirməkdir. E.Makron bu minvalla Bakıya ciddi geosiyasi təzyiq göstərmək, eyni zamanda Rusiya Sülhməramlı Kontingentinin (RSK) regionu tərk etməsinə hüquqi zəmin yaratmaq istəyir.

 

Fransanın ssenarisi reallaşarsa, RSK ya bölgəni tam tərk etməli, ya da Parisin baş rol oynayacağı beynəlxalq missiyaya qatılmalıdır.

 

BMT TŞ-də bəhs etdiyimiz sənəd müzakirə edilərkən həmin strukturun daimi üzvü olan Ruiyanın veto hüququndan istifadə edəcəyi şübhəsizdir.

 

Bununla belə, Moskvanı öz tərəfinə çəkmək üçün Paris qətnamə layihəsinə Rusiyanın maraqlarını müəyyən həcmdə nəzərə alacaq düzəlişlər edə, Moskva da sənədin yekun variantı ilə razılaşa bilər.

 

Belə olarsa, rəsmi Bakı zorla yurd-yuvalarından didərgin salınmış yüz minlərlə azərbaycanlının Qərbi Azərbaycana qayıdışının təmin edilməsi məsələsini BMT-də qaldıra bilər.

 

Fransa israrlı olarsa, Bakı da Ermənistandan deportasiya edilmiş həmin soydaşlarımızla bağlı məsələnin daha üstün və geniş müstəvilərdə müzakirəsinə nail olacaq.

 

… Cənubi Qafqazda merkantil maraqlarını təmin etməyə çalışan Fransa sözün əsl mənasında Ermənistana illüzor vədlər verərək erməniləri geosiyasi qumara qoyub. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.