Ermənistanın baş naziri Nikol Paşinyan özünü və ölkəsini çox ağır geosiyasi tələyə salıb. Fransaya, Rusiyaya, Yunanıstana, İrana, Hindistana verilən vədlərə indi də ərəb ölkələri ilə diplomatik, siyasi və iqtisadi münasibətlərin aktivləşdirilməsi məqsədilə yeni planların reallaşdırılmasına başlanıb.
İrəvan ağır vəziyyətdən çıxmaq üçün zəruri və gərəkli saydığı bütün vasitələrə əl ataraq, imkanı çatan rıçaqları işə salmağa can atır, amma hər yeni addım onun durumunu bir qədər də kritik edir.
Vəziyyət o qədər qarışıqdır ki, rəsmi İrəvan geosiyasi orientirlərini dolaşığa salaraq Qordi düyününə döndərib.
Məsələn, Qərblə tərəfdaşlığını aktivləşdirmək niyyətində qəti və dönməz mövqe tutduğunu vurğulayan Ermənistan eyni zamanda Fransanın göstərişi ilə İranla əlaqələri intensivləşdirir.
Hətta Ermənistanın müdafiə naziri Suren Papikyan İrana rəsmi səfərlə yollanıb.
Ermənistanın mədəniyyət, iqtisadiyyat, maliyyə naziri yox - məhz müdafiə naziri.
ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə keçirilmiş "Demokratiya sammiti" adlı tragifarsa qatılan və Vaşinqtonun "Qərbə meyilli demokratik cəmiyyətli ölkə" elan etdiyi Ermənistan beləcə, Birləşmiş Ştatların Çindən sonra "ikinci düşmən" elan etdiyi İranla təmaslarını genişləndirir.
İlk baxışdan paradoksdur: amerikalıların "demokratiyaya sadiq" adlandırdığı Ermənistan ABŞ-ın "avtokratik, klerikal və terroru dəstəkləyən rejim" İranla çox aktiv təmaslardadır, qarşılıqlı əlaqələr fasiləsiz inkişafdadır.
Cənubi Qafqazda gerçəkdən də, unikal mənzərə müşahidə olunur: Ermənistanla bağlı məsələlərdə Qərblə İranın maraqları tam üst-üstə düşür.
Yaranmış vəziyyətə nəzər salaq.
Ermənistanla əlaqələr və xüsusilə də 44 günlük İkinci Qarabağ Müharibəsi ilə ötən ilin sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirliyi lokal antiterror tədbirlərindən sonra bölgədə tamamilə yeni, fərqli geosiyasi reallıqlar formalaşıb. Mövcud durumda əvvəllər onsuz da aktiv olan Ermənistan-İran əlaqələri indi hipersürətlə inkişafdadır.
Məhz bu səbəbdən Ermənistanın müdafiə naziri S.Papikyanın İrana səfəri təsadüf yox, gözlənilən və labüd vizitdir.
İrəvnın bölgəmizdəki əsas prioriteti və məqsədi regional təsir imkanlarına yiyələnmək, bölgədəki proseslərə müdaxilə rıçaqlarını əldə etməkdir. Tehran üçün Azərbaycan və ya Gürcüstanla yox - bütün bəyanatlara rəğmən - Ermənistanla əlaqələr əlahiddə əhəmiyyət kəsb edir.
İran üçün Yaxın Şərqdə Suriya nədirsə, Cənubi Qafqazda da Ermənistarnr məhz odur və bunun çeşidli səbəbləri var.
Bölgədə Türkiyə və Azərbaycan arasındakı qardaşlıq münasibətlərini, həddən ziyadə çıx müttəfiqlik əlaqələrini öz geosiyasi maraqlarına qətiyyən uyğun olmayan məqam hesab edən rəsmi Tehran Ankara-Bakı əlaqələrinin daha da güclənməsinin qarşısını almaq üçün İrəvanla təmasları zəruri hesab edir.
Qərblə İran arasındaı kommunikasiya və loqistika istiqamətləri baxımından İranın iki seçimi var: Türkiyə və Ermənistan ərazisindən keçən, həmçinin bundan sonra keçə biləcək marşrutlar. Tehran hesab edir ki, İrəvanla münasibətlərdə sərinlik yaranarsa Qərbə marşrutlar baxımından Türkiyədən asılı vəziyyətə düşəcək. Hadisələrin bəhs etdiyimiz məcrada inkişafına yol verməmək üçün Tehran "diversifikasiya" məqsədilə İrəvanla əlaqələri daim aktivləşdirir.
Qərblə münasibətləri yumşaltmağa çalışan İran üçün Ermənistan bu aspektdən də xüsusi əhəmiyyət kəsb edir. Qərb ölkələrindəki çoxsaylı erməni diasporundan faydalanmaq, zərurət yarandıqda isə Azərbaycan və Türkiyə ilə sıx işbirliyində olan yəhudi diaspor təşkilatlarına qarşı istifadə etmək niyyətindədir. Bundan başqa ABŞ-ın, habelə NATO və Avropa İttifaqına üzv ölkələrin hakimiyyət elitalarına təsir etmək üçün Tehran erməni diaspor strukturlarını əlverişli vasitə hesab edir.
İrandakı erməni icmasına gəldikdə isə, bu ermənilərin imtiyazlı statusa malik olmaları rəsmi Tehran üçün Qərbin nəzərində tolerant, xristianlara radikal yanaşmanın mövcud olduğu Yaxın Şərq ölkələrindən fərqli dövlət imici əldə etmək üçün gərəkdir.
Qərbin Azərbaycana təzyiqlərindən də İran yararlanmaq, ölkəmizdəki təsir imkanlarını genişləndirmək fikrindədir.
Bu səbəbdən də situasiyanı unikal edən məqamı görürük: Azərbaycana münasibətdə Qərbin bir sıra ölkələri, xüsusilə də Fransanın mövqeləri ilə İranın maraqları üst-üstə düşür.
Əslində, Ermənistanla İran arasındakı əlaqələrin aktivləşməsini Fransa da İrəvandan tələb edir və sözügedən məqama görə Fransanın Ermənistandakı aktivliyinə, Avropa İttifaqının Müşahidə-Monitorinq Missiyası (EUMA) adı ilə Ermənistanda casus-rezidentura şəbəkəsi qurmasına İran dözüm nümayiş etdirir.
Bütün bunlarla yanaşı, Ermənistanın aşkar Qərbə meylli siyasət yürütməsi və Rusiyanın təsirindən çıxmaq cəhdləri Tehranı narahat edir.
O, Cənubi Qafqazda vəziyyətin kəskin pisləşməsini, Ermənistanın "ikinci Ukrayna"ya çevrilməsini istəmir. Məqsədə çatmaq, yəni Ermənistana təzyiq göstərmək üçün İran hazırda Rusiyadan istifadə edir, ermənilərin Qərbə yönəlmiş siyasətini məhdudlaşdırmağa can atır.
Ermənistanın baş naziri Nikol Paşinyanın açıq-aşkar Qərbə meyilli siyasət yürütməsi, Rusiyanın təsirini minimuma endirərək Moskvanın forpostu statusundan qurtulmağa çalışması aydındır. O, Azərbaycanla sülh sazişinin imzalanmasına yönəlmiş prosesi uzatmağa, gözləmə mövqeyi tutaraq müzakirələri imkan düşən kimi ertələməyə də can atır.
N.Paşinyan həm də hesab edir ki, Azərbaycanla sülh sazişinin imzalanması Rusiyanın təsirindən qurtulmaq üçün Ermənistana çox ciddi imkanlar yaradacaq. Amma iş ondadır ki, sülh sazişinin imzalanması Qərbi Ermənistana ciddi təzyiq rıçaqlarından məhrum etməklə yanaşı, Paşinyanın Qərblə fəaliyyətini çətinləşdirə bilər.
Məhz sadalanan səbəblərdən dolayı N.Paşinyan danışıqlar prosesini uzatmağa, "əlverili şans"ı gözləməyə meyillidir.
Təbii, rəsmi Bakı ona belə "şans"lar verməyəcək.
Rusiyaya gəldikdə isə, Nikol Paşinyanın Azərbaycanla sülh sazişinin imzalanması, yaxud də Qərb ölkələri ilə əlaqələrin aktivləşdirilməsi istiqamətində istənilən aktivliyini Moskva birmənalı olaraq Cənubi Qafqazdakı maraqlarına qarşı yönəlmiş fəallıq qismində qəbul edir.
Nikol Paşinyanın strateji səhvləri aydındır.
O, Azərbaycanın ədalətli, beynəlxalq hüquq çərçivəisndə olan şərtlərinii qəbul etməli, sülh sazişini mümkün qədər tez imzalamalı, yalnız bundan sonra Qərblə kommunikasiyaları intensivləşdirməli idi.
Ermənistanın baş naziri isə özünü çıxılmaz vəziyyətə salıb, çünki Rusiya ilə yanaşı ABŞ, Fransa, Avropa İttifaqı, və İran da ondan aktiv fəaliyyət tələb edirlər.