Fransa və Moldova arasında müdafiə, habelə iqtisadi sahələrdə əməkdaşlıq sazişi imzalanıb.
Sənədi iki ölkənin prezidentləri Emmanuel Makronla Mariya Sandu təqdir ediblər.
Rəsmi Parisin bəyanatlarına görə, anlaşma Fransa prezidenti Emmanuel Makronun Ukraynaya tam dəstəyin daha da gücləndirilməsinə yönəlmiş təşəbbüs kampaniyasının tərkib hissəsidir.
Dnestryanı bölgədəki separatçı rejimin Tiraspoldakı "parlament"inin deputatlarının qurultayında Moskvaya yardım çağırışının əks olunduğu qətnamə qəbul olunmuşdu. Bir neçə gün sonra Moldovanın Qaqauz Eli regionunun yerli hakimiyyət strukturları da analoji xahişi Rusiya rəhbərliyinə ünvanlamışdılar.
Bəhs etdiyimiz hadisələr də Moldova rəhbərliyini ölkənin təhlükəsizliyinin təminatı ilə bağlı alternativlər aramağa vadar etmişdi və E.Makron da yaranmış fürsətdən maksimum yararlanmağa çalışıb.
Parislə Kişineu arasında imzalanmış müdafiə anlaşmasına görə, Fransanın hərbi təmsilçisi Moldovada yerləşdiriləcək. Bundan başqa, anlaşma Moldova ordusuna fransız hərbçi təlimatçılar tərəfindən tədris proqramlarının keçilməsini, Fransanın Moldovaya silah-sursat və hərbi texnika verməsini nəzərdə tutur.
Bu, rəsmi açıqlanmış məlumatdır. Halbuki müdafiə sahəsində əməkdaşlıqla bağlı Parislə Kişineu arasında imzalanmış anlaşma Moldova silahlı qüvvələrinin inkişaf və modernizə etdirlməsini ehtiva edir. Həmin sahəyə müdafiə siyasəti, müxtəlif beynəlxalq missiyalarda və əməliyyatlarda iştirak, Moldovanın hava məkanına nəzarət və idarəetmiə, informasiya texnlogiyaları və hərbi raitə, topoqrafiya, kadr siyasəti və dil hazırlığı, loqistika, hərbi səhiyə, maliyyə və büdcə idarəetməsini, müasir hərbi texnika ilə davranma vərdişləri təmrinləriv və s.-ni nəzərdə tutur.
Emmanuel Makronun bravur bəyanatlarına rəğmən, sənəddə Fransanın Moldovaya ən yaxın zamanlarda və ya orta perspektivdə silah-sursat, hərbi texnika və texnologiyaların verməsini ehtiva etmir.
İlk baxışdan çox maraqlı mənzərəni müşahidə edirik.
Dnestryanı bölgədəki separatçı rejimin aqressiv ritorikaya keçərək Moskvadan aşkar şəkildə dəstək və yardım istədiyi, Qaqauz Eli bölgəsinin də "kömək" üçün Rusiyaya üz tutduğu və beləcə, separatçılıq təmayüllərinin yenidən aktivləşdiyi Moldovaya Fransa dərhal, təxirəsalınmaz, təcili yardımlar etmir.
Üstəlik, Moldova amansız, qanlı hərbi əməliyyatların getdiyi Ukrayna ilə həmsərhəddir.
Fransa prezidenti Emmanuel Makron Moldovanı dəstəklədiyini izhar etdiyi bəyanatlarla çıxış etmir, "Fransa dövləti və xalqı daim Moldovanın yanındadır" demir, Moldova prezidentini və baş naziri Parisə dəvət edərək onlara "tam və total dəstək" vəd etmir.
Halbuki Ukraynadakı hərbi əməliyyatlardan çox uzaq Ermənistana Fransa hər sahədə və müstəvidə tam dəstək (!) verir, İrəvana hava hücumundan müdafiə vasitələri, radiolokasiya stansiyaları, uzaqvuran artilleriya sistemləri, tank əleyhinə raket sistemləri və s. yollayır.
Ermənistana hərbi attaşesini göndərmiş Fransa erməni hərbçilərə təlimlər keçir, onları beynəlxalq missiyalara və əməliyyatlara hazırlayır, xüsusi təyinatlı və dağ-atıcı, komando birliklərinin hazırlığında ən aktiv şəkildə iştirak edir.
Emmanuel Makronun dediyinə görə, Ermənistanla yanaşı, Moldovanın dəstəklənməsi bu ölkələrin Rusiyadan asılılğının aradan qaldırılması, Moskvanın həmin bölgələrdən sıxışdırılıb çıxarılmasıdır.
Yəni Paris bəyan edir ki, yürütdüyü siyasət Avropa İttifaqının və NATO-nun Rusiya ilə bağlı geosiyasi vektorunun, tutduğu mövqelərin çərçivəsində olaraq onların daha da gücləndirilməsinə yönəlib.
Makron həmişəki kimi, merkantil maraqlarını Fransanın mənafeyi kimi təqdim edir, yeni təşəbbüslərinin əslində təhlükəli avantüra olduğunu anlasa da, başçılıq etdiyi siyasi partiyanın yeni seçkilərdə qələbəsini və öz hakimiyyətinin dayanıqlığını təmin etmək üçün bütün yollara əl atır, məqbul bildiyi bütün vasitələri sınaqdan çıxarır.
Məntiqlə, Ukrayna ilə həmsəhəd Moldovaya Fransa daha aktiv və geniş həcmdə yardımlar etməli, Kişineunu üzləşdiyi təhdidlərdən və risklərdən qismən də olsa, xilas etməyə çalışmalıdır.
Amma bunun tam əksini görürük: Fransanın postsovet məkanında ümdə fəaliyyət məkanları arasında Ermənistan Moldovanı qabaqlayıb, ön plana çıxıb.
Nəticədə Fransanın hərbi texnikası artıq İrəvandadır, Kişineu isə hələ yardımlara və dəstəyə bel bağlayır.
Məqsəd Rusiyanın təsir imkanlarını azaltmaq olardısa, Parisin Kişineu ilə əlaqələri daha intensivləşməliydi, çünki Rumıniya ilə həmsərhəd olan Moldova NATO hühudlarının qonşusudur.
Məntiqlə, Kişineu istiqaməti daha önəmlidir.
Amma hər şey tərsinədir: NATO sərhədlərinin yanında olan Moldovaya vədlər verən Fransa Şimali Atlantika Alyansının hüdudlarından çox uzaqdakı Ermənistana silah-sursat və hərbi texnika verir.
Deməli, Parisin məqsədi Rusiyanın təsirini dezavuasiya etmək yox, aşkar şəkildə Ermənistanla erməniləri dəstəkləməkdir.
Parisin İrəvana ünvanladığı rəğbətin kökündə- Makronun və siyasi elitaların bütün bəyanatlarına rəğmən - Azərbaycanın hədəfə alınması var. Məhz bu müstəvidə və zəmində Cənubi Qafqaz siyasətini formalaşdıran Parisin geosiyasi ssenarilərində Azərbaycanın maksimum zəiflədilməsinə yönəlmiş cəhdlər xüsusi yer tutur.
Rusiyanın bölgəmizdəki təsir imkanlarının minimallaşdırılması, regionda Avropa İttifaq ilə birlikdə fəaliyyət, stabillik və təhlükəsizliyin təminatına yönəlmiş təşəbbüslərin dəstəklənməsi və s. – rəsmi Parisin ritorikasındakı bu ifadələrin hamısı Fransanın real strategiyasından çox uzaq söz yığınıdır.
Ermənistanı sürətlə silahlandıran Emmanuel Makron erməni cəmiyyətindəki qisasçılıq, revanşizm və şizofreniya həddinə çatdırılmış etnik dözülməzliyin səviyyəsini, amplitudunu və intensivliyini artırdığının da fərqindədir.
Çünki məqsədi də elə budur.