Ermənistanın Araqatsotn rayonunda silahlı insident baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə oktyabrın 20-də yerli vaxtla saat 17:00-da Qalusti Dzor istirahət zonasına gedən yolda qeydə alınıb.
Bir neçə şəxs arasında yaranan dava zamanı 37 yaşlı Hayk Q. əlində olan avtomatdan bir neçə dəfə atəş açıb.
Nəticədə Aştarak şəhərinin vitse-meri Vardan Səfəryan və daha bir nəfər yaralanıb, onlar əvvəlcə yerli xəstəxanaya, sonra isə İrəvandakı Erebuni tibb mərkəzinə aparılıblar.
Hadisənin təfərrüatına gəlincə isə, polisdən verilən məlumata görə, dava torpaq üstündə baş verib. Belə ki, 65 yaşlı Qalust Q. və onun 37 yaşlı oğlu Hayk Q. Aştarak icmasının başçısı Tovmas Ş. ilə görüşərək torpaq məsələsinə görə dava ediblər.
İcma başçısının adamları yerli sakinləri döyməyə başlayıb və bu zaman 37 yaşlı Hayk Q. üzərindəki avtomatla atəş açıb. Güllələr Aştarak şəhərinin vitse-meri, 52 yaşlı Vardan Səfəryana və 26 yaşlı Q. Qora dəyib.
Faktla bağlı araşdırma aparılır.