Bakıda inşaat materialları bazarında yanğın tam məhdudlaşdırılıb, yayılma təhlükəsi yoxdur.
Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev deyib.
Onun sözlərinə görə, nazirliyə yanğınla əlaqəli məlumat saat 05:41-də daxil olub: "Dərhal hadisə yerinə cədvəl əsasında qüvvə göndərilib. İlkin çatan bölmə məlumat daxil olan andan 4 dəqiqə sonra hadisə yerinə çatıb, 2-ci saylı yüksək çağırış elan edib. 10 dəqiqədən sonra yanğının müxtəlif istiqamətlərə yayılması nəzərə alınaraq 3-cü çağırış elan edilib.
Bununla da Bakı qarnizonunun qüvvələri yanğın yerinə cəlb edilib. Yəni 20-yə yaxın yanğın texnikası və 100-ə yaxın şəxsi heyət gəlib. Səhər güclü külək səbəbindən yanğın üç istiqamətə yayılıb, sahəsi 1 500 kvadratmetr olub. Hazırkı vəziyyətə görə, yanğın tam məhdudlaşdırılıb, yayılma təhlükəsi yoxdur".
R.Xudiyev bildirib ki, yanğın bazarın mərkəz hissəsində baş verib: “Taxtalar kiplərlə yığılıb və böyük hündürlükdə olub. Bundan başqa, 30-35 metrlik hündürlükdə olan yüksəkgərginlikli elektrik dirəyi 45 dərəcə bucaq altında formasını dəyişib. Onun aşmaq təhlükəsi var. Yanğını söndürməyə çalışırıq. Hazırda açıq alov yoxdur. Kiplərin içərisində olan gizli mənbələrin söndürülməsinə nail olmağa çalışırıq. Yanğının mənbəyi barədə indi məlumat verə bilmərik. Bununla bağlı FHN-in ekspert qrupu işləyəcək”.
**09:42
Bakıda inşaat materialları bazarı yanır.
Senzor.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən bildirir ki, bu gün səhər saatlarında Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda hadisə yerində FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi alovun qarşısının alınması istiqamətində zəruri tədbirlər görür.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev və Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri hadisə yerindədirlər.
Hadisə zamanı bir nəfər şəxsin ürəktutmasından vəfat etdiyi bildirilir.
Əlavə məlumat veriləcək.