Moskvanın "Sadovod” bazarında baş verən yanğın saat 17:00 radələrində söndürülüb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğının söndürülməsi zamanı bir yanğınsöndürən xəsarət alıb.
**16:26
Moskvanın “Sadovod” bazarında baş verən yanğının sahəsi 600 kvadratmetrə çatıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Sadovod” bazarında baş verən yanğının söndürülməsi üçün “Kobra” yanğınsöndürmə sistemindən istifadə edilib ki, bu da qapalı məkanda baş verən yanğını konteynerlərin içərisinə girmədən dəlik vasitəsilə söndürməyə imkan verir.
Yanğınsöndürmə əməliyyatına 170-dən çox insan və 48 texnika cəlb olunub. FHN yanğın nəticəsində itkilər barədə məlumat daxil olmadığını da açıqlayıb.
Qeyd edək ki, "Sadovod" bazarı yəhudi əsilli azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşad” şirkətinə məxsusdur.
**15:01
Rusiyanın paytaxtı Moskvada azərbaycanəsilli iş adamlarına məxsus “Sadovod” bazarında yanğın baş verib.
Senzor.az bildirir ki, hadisə barədə sosial şəbəkənin Rusiya seqmentində informasiya yayılıb.
Bildirilir ki, yanğın ikinci çətinlik səviyyəsində qiymətləndirilib.
İlkin məlumata görə, iki nəfər xəsarət alıb. Bazarı tüstü bürüyüb.
Bildirilir ki, yanğın 20-ci sıradakı 86-cı pavilyonda başlayıb. Yanğın 150 kvadratmetr sahəni əhatə edir. Onun ikinci mərtəbədəki anbar hissəsinə keçmək ehtimalı böyükdür.
Hazırda təxliyə işləri aparılır.
Xatırladaq ki, Moskvanın ən böyük bazarlarından biri olan “Sadovod” azərbaycanlı iş adamı Qod Nisanov və Zarah İliyevin “Kievskaya Ploşad” şirkətinə məxsusdur. Bazar 40 hektar ərazidə yerləşir və 9500 mağazanı əhatə edir.