Rusiyanın Kemerovo vilayətindəki "Listvyajnaya" mədənində qəza nəticəsində ölənlərin sayı artıb.
Rusiya fövqəladə hallar xidmətinin nümayəndəsi "RİA Novosti"yə bildirib ki, 6 xilasedici də daxil olmaqla 52 nəfər mədəndə baş vermiş qəzanın qurbanı olub.
Baş prokurorun müavini Dmitri Demeşinin sözlərinə görə, fövqəladə vəziyyətə səbəb metan partlayışı və mədənçilərin xəsarət alması ilə nəticələnən dinamik zərbə olub.
Məlumata görə, hadisəyə görə mədənin direktoru, onun birinci müavini və sahə rəhbəri saxlanılıb. Müəyyən edilib ki, saxlanılan şəxslər təhlükəli istehsalat obyektlərində sənaye təhlükəsizliyi tələblərini pozublar.
Noyabrın 26-dan 28-dək vilayətdə matəm elan edilib.
**22:50
Rusiyanın Kemerovo vilayətindəki "Listvyajnaya" mədənində qəzadan sonra 35 şaxtaçının taleyi naməlum olaraq qalır.
Bu barədə jurnalistlərə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyan bildirib.
Son məlumatlara görə, mədəndə baş verən qəzada ölənlərin sayı 14 nəfərə çatıb.
Xatırladaq ki, bu gün Moskva vaxtı ilə saat 04.30-da Kemerovo vilayətinin “Listvyajnaya” mədənində tüstülənmə baş verib. Regional hakimiyyət orqanlarının məlumatına görə, mədəndə 285 nəfər olub, onlardan 239-u səthə çıxarılıb. Ümumilikdə 49 şaxtaçı yaralanıb, 37 nəfər xəstəxanaya yerləşdirilib. İlkin məlumatda bildirilirdi ki, hadisə nəticəsində 11 nəfər həlak olub.
13:26
Rusiyanın Kemerova vilayətində kömür mədənlərinin birində baş verən yanğın nəticəsində 6 nəfər işçi ölüb.
Senzor.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 43 işçi xəsarət alıb və ya tüstüdən zəhərlənib.
Hadisə baş verən zaman yerin altında 285 nəfərin olduğu bildirilir.
Yanğının baş verməsi ilə bağlı cinayət işi başlanılıb.