Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb.
Məlumatı yerli KİV yayıb.
**09:04
Çinin Qansu əyalətində bir neçə dəfə zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə ölkənin Mərkəzi Televiziyası məlumat yayıb.
Çinin şimal-qərbində baş verən 6,2 bal gücündə zəlzələdə ölənlərin sayı artmaqda davam edir. Zəlzələ ilə əlaqədar yaradılmış qərargahın ən son açıqlamasına görə, ölənlərin sayı 116-ya yüksəlib, xəsarət alanların sayı isə 300-dən çoxdur.
Qeyd edək ki, bu zəlzələ dekabrın 18-də yerli vaxtla saat 23:59-da baş verib. Zəlzələ ölkənin Qansu vilayətinin Cişişan rayonunda qeydə alınsa da, yeraltı təkanların episentrinin qonşu Çinhay vilayətinə cəmi 5 kilometr məsafədə olması səbəbindən hər iki vilayətdə dağıntı və insan itkisi qeydə alınıb.
Çin Seysmologiya Mərkəzinin məlumatına əsasən, zəlzələnin episentri Yer səthindən 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ barədə məlumat daxil olduqdan sonra dərhal hadisə yerinə xilasedicilər, tibbi yardım briqadaları, yanğınsöndürənlər, polislər cəlb olunub. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir. Ölü və yaralı sayının artma ehtimalı böyükdür.
Çinin Dövlət Şurası (Nazirlər Kabineti) təbii fəlakətlə əlaqədar 2-ci dərəcəli fövqəladə reaksiya elan edib. Fövqəladə Hallar Nazirliyi zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bölgəyə əlavə qüvvələr səfərbər edib.
Çin Xalq Respublikasının Sədri Si Cinpin insan itkisinin artmaması üçün axtarış-xilasetmə işlərinin sürətlə və dəqiqliklə aparılmasına göstəriş verib. Qansu vilayətində axtarış-xilasetmə işlərinə 600-ə yaxın canlı qüvvə, 100-ə yaxın texnika, habelə xüsusi təlim keçmiş itlər cəlb olunub.
Bu günlərdə havanın temperaturunun normadan aşağı olması, üstəlik zəlzələ baş verən bölgənin dəniz səviyyəsindən təxminən 2 min metr yüksəklikdə yerləşməsi səbəbindən bölgədə şaxtalı hava hökm sürür. Belə ki, temperaturun mənfi 16 dərəcəyədək düşməsi həm axtarış-xilasetmə işlərinə öz təsirini göstərir, həm də evləri dağılanların qısa zamanda isti yerlərdə yerləşdirilməsi məsələsini aktual edib. Təbii fəlakətdən zərər çəkənlər üçün təcili çadırlar qurulub, onlar isti geyimlərlə təchiz olunur.
Zəlzələ qonşi Çinhay vilayətinin inzibati mərkəzi olan Sinin şəhərində və Haydon şəhərində də hiss olunub. Bu şəhərlərdə bəzi tikililərə ziyan dəyib, binaların divarlarında çatlar əmələ gəlib. Zəlzələnin təsirli olduğu bölgədən keçən dəmir yolunda qatarların hərəkəti dayandırılıb. Bölgədə bütün dövlət qurumları gücləndirilmiş iş rejiminə keçib.
**23:44(18.12.2023)
Çinin şimal-qərbindəki Qansu əyalətində baş verən güclü zəlzələ nəticəsində azı 8 nəfər ölüb.
Senzor.az bildirir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Pekin vaxtı ilə gecə yarısı baş verən zəlzələnin maqnitudası 6,2 bal olub.
Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.
**21:54
Çində 6,2 bal gücündə zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 3 milyon insanın yaşadığı Lançjou şəhərindən (Qansu əyaləti) 101 km cənub-qərbdə yerləşib.
Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.