Praqadakı Karl Universitetinin fəlsəfə fakültəsində baş verən atışmanı paytaxtdan təxminən 20 km qərbdə yerləşən Kladno şəhərindən olan 24 yaşlı tələbə David K. həyata keçirib.
TASS bildirir ki, bu barədə Çexiya polisi məlumat yayıb.
Müəyyən edilib ki, David K. bir neçə növ odlu silahın sahibi olub və fakültədə terror aktına öncədən hazırlaşıb. O, silahlara qanuni yolla sahib olub. Bundan əlavə, polis onun qırğından bir neçə saat əvvəl atasını öldürməsindən şübhələnir. David K. polis onu zərərsizləşdirmək üçün əməliyyatına başladıqdan sonra intihar edib.
Xatırladaq ki, Karl Universitetindəki atışma azı 15 nəfərin ölümünə səbəb olub. Hadisə nəticəsində yaralananların sayı isə artıq 30 nəfərə çatıb.
**21:27
Çexiyanın paytaxtı Praqada Karlov Universitetində atışmada 15 nəfər ölüb, onlarla yaralı var.
Bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, hadisə zamanı 24 nəfər xəsarət alıb.
Polis atəş açan şəxsi zərərsizləşdirib.
Hadisə yerinə daxili işlər naziri Vit Rakusan gəlib.
**19:47
Çexiyanın paytaxtı Praqada Çarlz Universitetinin incəsənət fakültəsinin binasında atışma olub, ölənlər və yaralananlar var.
Bu barədə Çexiya polisinin rəsmi "X" hesabında məlumat verilib.
“Hazırda universitet binasında baş verən atışma ilə bağlı Jan Palaç meydanına müdaxilə edirik. Bütün bölmələrimiz hadisə yerinə gedir. İlkin məlumatlara əsasən, hadisə yerində ölən və yaralananların olduğunu təsdiqləyə bilərik", - polis sosial şəbəkədə yazıb.
Polis Jan Palaç meydanındakı binanın ətrafını bağlayıb. Mərkəzdə tramvay hərəkəti məhdudlaşdırılıb, xətlər alternativ yollarla yönləndirilir.
"Denik N" xəbər saytının məlumatına görə, polis tələbələri evakuasiya edir. Daxili işlər naziri Vit Rakuşanın hadisə yerinə getdiyi bildirilir.
Praqa şəhərinin meri hadisəni törədən şəxsin intihar etdiyini deyib.