"Bu gün səhər saatlarında Xəzər dənizində baş verən hadisə nəticəsində xəsarət almış şəxslər (3 nəfər qadın olmaqla) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub".
Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd deyib.
“Mərkəzdə onlara zəruri tibbi xidmət göstərilib. Hazırda vəziyyətləri stabildir. Gün ərzində ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub”, - o qeyd edib.
**
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində dənizdə gəzinti qayığının çevrilməsi və gəmidəki şəxslərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Senzor.az FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən, gəzinti qayığının alt hissəsinin zədələnməsi və gövdəsinə su dolması nəticəsində 3-ü ekipaj üzvü, 3-ü sərnişin olmaqla 6 nəfər vətəndaşın təhlükəli vəziyyətdə qalması məlum olub.
FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar xilas ediliblər.
**11:57
Bakıda bulvar ərazisində gəzinti qayığı batıb.
Fövqəladə Hallar Nazirliyindən Senzor.az-a verilən məlumata görə, "112" qaynar xəttinə Bakıda bulvar ərazisində gəzinti qayığının batması ilə bağlı məlumat daxil olub.
Dalğıc-axtarış xilasetmə əməkdaşları hadisə yerinə cəlb edilib. İlkin məlumata görə, batma təhlükəsində olan vətəndaşlar xilas olunub.