Bu gün səhər saatlarında metronun “28 May” stansiyasında vəfat edən şəxsin kimliyi məlum olub.
Məlumata görə, həmin şəxs Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Analitik kimya kafedrasının baş müəllimi Əhməd Babayevdir.
O, universitetə gedən zaman ürəktutmasından metroda vəfat edib.
Senzor.az bildirir ki, Əhməd Qasım oğlu Babayev 18 noyabr 1949-cu ildə Şəmkir rayonunun Düyərli kəndində anadan olub. 1966-cı ildə Düyərli kənd orta məktəbini bitirərək Bakı Dövlət Universitetinə daxil olub və 1973-cü ildə tam kursu bitirərək kimyaçı ixtisası üzrə diplom alıb. 1973-74-cü illərdə hərbi xidmətdə olub. 1966-78-ci illərdə Azərbaycan Respublikası EA Qeyri-üzvi və fiziki-kimya institutunda laborant, baş laborant və mühəndis kimyaçı vəzifələrində işləyib. 1978-ci ildən indiyədək Bakı Dövlət Universitetinin analitik kimya kafedrasında çalışıb.
1984-cü ildə Daşkənd Dövlət Universitetində namizədlik dissertasiyası müdafiyə edib. Apardığı elmi işlərin nəticələri Rusiyanın Sverdlovsk vilayətində, Moskva təcrübə zavodunda tətbiq edilib. 1978-ci ildən 1994-cü ilə qədər Moskva Eksperimental təcrübə zavodunda alınan məhsulların standartlaşdırılmasında yaxından iştirak edib. O, son vaxtlara qədər Moskva və Daşkənd Dövlət universitetləri ilə əlaqə saxlayırdı...
Allah rəhmət eləsin!
**09:58
“Bu gün saat 08:10 radələrində Bakı metrosunda qatarda olan bir sərnişin özünü pis hiss edib və “28 May” stansiyasında platformaya düşürülüb”.
Senzor.az bildirir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
“Bu vaxt artıq sərnişin özündə olmayıb. Həmin şəxs yaşlı bir şəxsdir. Dərhal Təcili Tibbi Yardım çağırılıb. Həkimlər gəlib və ölüm faktını təsdiq edib”, - o deyib.