Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb.
Senzor.az FHN-in Mətbuat Xidmətinə istinadən bildirir ki, paytaxtın Suraxanı rayonunda üçmərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində ümumi sahəsi 36 m² olan otağın döşəməsi 4 m² sahədə, 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və içərisindəki əşyalar (divan, kreslo, kompüter, kondisioner) yanıb, yüksək temperaturdan yumşaq mebel dəsti qarsalanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş otaqlardan 80 nəfər şagird və işçi heyət təhlükəsiz əraziyə təxliyə olunub.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
**10:18
Bakıdakı Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə yanğın baş verib, bununla əlaqədar distant təhsilə keçilib.
Senzor.az bildirir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, bu gün səhər saatlarında Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən məktəbdə yanğın baş verib: "Yanğın məktəbin ikinci mərtəbəsində baş verib, müəllim və şagird heyəti təxliyə olunub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğın qısa müddət ərzində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. Bu gün məktəbdə dərslərin distant qaydada davam etdirilməsi nəzərdə tutulur".