Tərtər Rayon Prokurorluğu mina partlaması hadisəsi ilə bağlı məlumat yayıb.
Senzor.az bildirir ki, məlumatda deyilir:
"18.02.2022-ci il tarixdə Tərtər rayonunun Çaylı kəndi ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır".
Bu arada Tərtər Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxslərdən birinə ilkin tibb yardım yardım göstərilib və evə buraxılıb.
Digər şəxsin vəziyyəti isə kafi olaraq qiymətləndirilir, hazırda həkim nəzarəti altındadır.
**15:06
Bu gün Tərtər rayonunda mina partlayıb, iki nəfər xəsarət alıb.
Senzor.az Azərbaycan Minatəmizləmə Agentliyinə (ANAMA) istinadən bildirir ki, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib.
Belə ki, 1963-cü il təvəllüdlü Alışan Səfərov Şərif oğlu və 1965-ci il təvəllüdlü Faiq Səfərov İsmayıl oğlu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər. Onların, 42 saylı Yol istismar idarəsinin əməkdaşları olduğu müəyyən edilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.