Ermənistanın baş naziri Nikol Paşinyanın açılacağını bəyan etdiyi Qafan hava limanı Azərbaycan sərhədinə yaxın yerdədir. Bu da Azərbaycanın hava məkanının pozulması ehtimalını daha da artırır. Eyni zamanda, atıcı silahların nişangah məsafəsinə yaxın ərazidə hava məkanının istifadəyə verilməsi və uçuşların həyata keçirilməsi anonsları Azərbaycanı təxribata təhrik etmək cəhdləridir.
Bunu AZƏRTAC-a açıqlamasında hərbi ekspert, polkovnik-leytenant Elxan Şıxəliyev deyib.
O qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurasında Qarabağ problemi ilə bağlı aparılan müzakirələr zamanı Ermənistan Azərbaycan tərəfini həmin hava limanına atəş açmaqda ittiham edib və aqressiv tərəf kimi göstərib. Bütün bunlar Ermənistanın Azərbaycana qarşı siyasi şousunun bir hissəsidir.
Ermənistanın sərhəddə hava limanı Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra istifadə oluna bilər. Əks təqdirdə, Ermənistana məxsus təyyarələrin sərhəd bölgəsində hərəkət etməsi istənilən halda hava məkanımızı pozmaqla nəticələnəcək. Sərhədimizdə, xüsusilə atıcı silahların məsafəsindəki hava limanını görməzdən gəlmək olmaz. Ermənistan Qafan hava limanının işə salınması üçün Azərbaycanla razılaşma əldə etməlidir. Sülh müqaviləsi imzalanmadan qonşu dövlətlə sərhəddə hava limanının istifadəyə verilməsi fikri tamamilə absurddur. Hazırda Ermənistanın niyyəti beynəlxalq ictimaiyyətin fikrini Zəngəzur dəhlizinə cəmləməklə həmin ərazinin təhlükəsizliyini təmin etməkdir. Bu isə bölgəni gələcəkdə ola biləcək hər hansı toqquşma üçün strateji məkana çevirir. İran Zəngəzurda müəyyən maraqları olan dövlətlərdən biridir və dəhlizin açılmaması məsələsində Ermənistanı dəstəkləyir. Ermənistan hava limanı vasitəsilə açıq şəkildə Azərbaycanı təxribata sürükləyir. Lakin onlar bilməlidir ki, Azərbaycan buna adekvat cavab vermək potensialına və gücə malikdir. Beynəlxalq ictimaiyyət Cənubi Qafqazda yarana biləcək problemin mütləq səbəbkarını Ermənistan olaraq görməlidir. Ermənistan və İran gələcəkdə Zəngəzur dəhlizinin olmaması üçün Qafan hava limanını alternativ variant kimi istifadə etməyi düşünür. Azərbaycan isə sərhədləri yaxınlığında belə hava vasitələrinin uçuşlarını görməzdən gəlməyəcək. Eyni zamanda, uçuşları planlaşdırılan aviasiya vasitələrinin sülh sazişi olmadan sığortalanması da mümkün deyil. Bu səbəbdən məsələ ilə bağlı addımları atmazdan əvvəl Ermənistan Azərbaycanla razılaşma əldə etməlidir.