Avropa Parlamentinin qətnaməsinin Bakı üçün "əhəmiyyət"i total sıfıra bərabərdir. Həmin sənəd isə adi kağız parçasıdır.
Avropa Parlamenti Azərbaycanla bağlı "Motion for a European Parliament resolution on the situation in Nagorno-Karabakh after Azerbaijan’s attack and the continuing threats against Armenia (2023/2879(RSP))” adlı qətnamə qəbul edib.
Ermənistan və İrəvanı himayə edən qüvvələr bu sənədi "möhtəşəm qətnamə, Bakının mütləq şəkildə icra edəcəyi şərtlər" kimi qələmə verirlər.
Halbuki sözügedən qətnamə hüquqi baxımdan məcburi funksiyalı sənəd deyil - sadəcə, məsləhət xarakteri daşıyır.
Bu səbəbdən də Natali Luazo və ya Marina Kalyurand, habelə ermənidən artıq erməni olduqlarını göstərməyə çalışan deputatlar qətnamənin dərc olunduğu kağızları götürərək müxtəlif məqsədlər üçün istifadə edə bilərlər.
Səbəb?
Qətnamədə "Azərbaycan mütləq etməlidir" zehni konstruksiyası əsasında formalaşmış tələblərə nəzər salaq.
Sən demə, Avropa Parlamenti "Azərbaycanın Dağlıq Qarabağ ermənilərinə qarşı əvvəlcədən planlaşdırılmış və əsassız hərbi hücumunu qəti şəkildə pisləyir, bu hücumun beynəlxalq hüququn və insan haqlarının kobud şəkildə pozulması olduğunu vurğulayır".
Bu azmış kimi, qətnamənin lehinə səs verənlər reallıq hissini tam itirərək "mövcud vəziyyətin etnik təmizləmə təşkil etdiyinə inanır və Azərbaycan qoşunlarının Dağlıq Qarabağ əhalisinə qarşı törətdiyi təhdidləri və zorakılıq aktlarını qətiyyətlə pisləyir" ifadələrinə yer veriblər.
Daha sonra həmin deputatlar vəcdə gəliblər və "Azərbaycan hökumətindəki şəxslərə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə" çağırıblar.
Bu hələ harasıdır ki?!
Avropa Parlamenti "Laçın dəhlizinin blokadasının dərhal götürülməsini tələb edib", qarabağlı ermənilərin "təhlükəsizliyini və rifahını təmin etməkdən ötrü təcili olaraq beynəlxalq təminatların verilməsi üçün" Aİ-ni və onun üzv dövlətlərini dərhal hərəkətə gəlməyə çağırıb.
Avropa Parlamenti habelə, BMT missiyasının hesabatından "məyus olub" və sonra da ümumiyyətlə, absurda vararaq "Rusiya sülhməramlı qüvvələrinin təcili olaraq BMT-nin sülhməramlı missiyası ilə əvəzlənməsini" tələb edib.
Habelə, qarabağlı ermənilərin artıq sabiq separatçı xuntasının saxlanaraq Bakıya gətirilmiş rəhbərlərinin "dərhal azad olunması", "Azərbaycan qoşunlarının Ermənistanın bütün suveren ərazisindən çıxarılması" (!) istənilir, Azərbaycanı dəstəkləyən ölkələr hədələnir, Aİ-nin Azərbaycanla münasibətlərinə yenidən baxılması tələb olunur, Aİ ölkələri Azərbaycandan təbii qaz almamağa "dəvət olunur", Azərbaycandan Aİ-yə bütün neft və qaz idxalının dayandırılması istənilir, ən nəhayət "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imperialist gündəmi irəli sürmək üçün istifadə etdiyinə görə" qınanır və Macarıstan hökuməti bütün Aİ ölkələrinin birgə bəyanatını blokladığına görə tənqid olunur.
Əvəzində Ermənistanın baş naziri Nikol Paşinyan təriflənir, təqdir edilir və "Ermənistan hazırkı hərbi ittifaqlarına yenidən baxacağı təqdirdə Aİ Ermənistanın Avropa Sülh Fondu vasitəsilə dəstək istəyinə müsbət cavab verməyə" çağırılır.
Avropa Parlamentinin bu qətnaməsi əslində Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması prosesində Avropa İttifaqının vasitəçilik cəhdlərinə və ümumiyyətlə, həmin missiyaya vurulan ən ağır zərbələrdən biridir.
Avropa Parlamentindən Azərbaycanla bağlı balanslaşdırılmış, məntiqi, obyektiv və real qətnamə gözləməyin özü sadəlövhlük olardı. Çünki bu qurum Avropadakı təşkilatlar və siyasi institutlar arasında ən qatı anti-Azərbaycan mövqeyi tutmuş strukturdur.
Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi qətnamələrin Azərbaycana hüquqi təsir effektisə total sıfıra bərabərdir.
Əslində, Aİ-ni obyektiv vasitəçilikdən hələ Avropa İttifaqı Ermənistana müşahidə-monitorinq missiyasını (EUMA) yollayanda uzaqlaşmağa başlamışdı. Ermənistanın hakimiyyət dairələri EUMA-dan ölkənin təhlükəsizlik sisteminin "tərkib hissəsi" və ərazi bütövlüyünün təminatçısı qismində istifadə edirlər.
Aİ İrəvana heç zaman belə təminat verməyib, amma Ermənistanın baş naziri Nikol Paşinyan və komandasının ritorikası məhz bəhs etdiyimiz məcradadır.
Son 30 ilin praktikası isə göstərir ki, İrəvana verilən vədlər, ermənilərin Qərbə yönlənməsi və meyillənməsi məqsədilə qəbul edilən sənədlərlə səslənən bəyanatlar Ermənistanın mövqelərində konstruktivlik yaratmır. Tam əksinə, Avropa Parlamenti kimi strukturlar Ermənistanı nə qədər çox və intensiv şəkildə dəstəkləyirsə, İrəvan bir o qədər aqressivləşir, azğınlaşır, sülhün əldə edilməsinə yönəlmiş danışıqlar prosesində çoxsaylı süni əngəllər və maneələr yaradır.
Təsadüfi deyil ki, Fransanın total dəstəyindən və Avropa Parlamentindəki ermənipərəst deputatların açıqlamalarından sonra Nikol Paşinyanın, Alen Simonyanın və Ararat Mirzoyanın bəyanatlarında sərtləşmə, aqressivləşmə elementləri daha da artıb.
Avropa İttifaqı hələ də dərk etmək istəmir ki, belə mövqeyi, Ermənistanla ermənilərin əsassızcasına, subyektivizmin ifrata çatdırılması ilə dəstəklənməsi Brüsseli vasitəçilik missiyasının uğurundan həmin sürətlə kənarlaşdırır.
Avropa İttifaqının və Avropa Parlamentinin Bakı-İrəvan danışıqları ilə münasibətləri, xüsusilə də Qarabağdakı separatçı xuntaya son qoyulması məsələlərində yeganə obyektiv mövqeyi ərazi bütünlüyü, sərhəd toxunulmazlığı və suverenlik prinsiplərinin məcmusu olmalıdır.
Fransa, Avropa İttifaqı və Avropa Parlamenti ermənilərdə tam himayə effektini yaratdıqlarına görə, İrəvanın isterikalarının və radikallaşmasının danışıqlar prosesinə yaratdığı təhdidləri məhz Bakı aradan qaldırmalı olur.
Halbuki Avropanın hüquq-mühafizə orqanları Avropa Parlamentinin bəzi üzvləri ilə erməni lobbisinin üzvləri arasındakı məxfi əlaqələri mütləq şəkildə araşdırmalıdır. Danılmaz faktdır ki Avropa İttifaqının siyasi müstəvisində, xüsusilə də Avropa Parlamentində qatı anti-Azərğaycan qrupları fəaliyyət göstərir, ölkəmizin nüfuzuna zərbə vurmağa, imkan yaranarsa, dövlətimizə qarşı cəza sanksiyalarının tətbiqinə can atırlar.
Avropa Parlamentinin son qətnaməsi də Azərbaycana qarşı yönəlmiş digər irrasional və əssassız ittihamların yer aldığı analoji sənədlər kimi, Bakı üçün adi kağız parçasıdır.
Azərbaycan belə qətnamələrə əhəmiyyət verməyib, vermək niyyətində də deyil.
Vətəndaşlarımızın maraqları və dövlətimizin mənafeyi ölkə hakimiyyəti üçün ən önəmli məsələ, Avropa Parlamentinin qətnamələri isə adi bəyannamələrdir.
Brüssel və Strasburq dərk etməlidir: biz maraqlarımızın beynəlxalq hüquq çərçivəsində təminatına yönəlmiş siyasət yürüdürük.
Rəsmi Bakıya təzyiq göstərmək cəhdləri, pressinq tətbiq etmək istəkləri mənasızdır.
Tamamən, total şəkildə mənasız.