Fransa Ermənistanı yenidən hədəfə gətirir... - PAŞİNYAN İSƏ QAŞ DÜZƏLTDİYİ YERDƏ GÖZ ÇIXARDIR...
TƏHLİL

Fransanın Cənubi Qafqaz planları fiaskoya uğradıqca daha təhlükəli oyun oynamağa başlayır. Bu məsələdə rəsmi Paris məhz Ermənistanı alət kimi istifadə edir. Fransanın məqsədinə çatmaq üçün kimi seçdiyi gün kimi aydındır. Paris məhz 30 il Ermənistanın işğal siyasəti üzərindən Cənubi Qafqazdakı yol xəritəsini çizmişdi və keçmiş Minsk Qrupu vasitəsi ilə çıxdığı "yolu" möhkəmləndirmək barədə düşünürdü.

 

Bu prosesləri yaxından izləyən hər kəsə bəllidir ki, Fransa bugünədək onsuz da İrəvanı dəstəklədiyini gizlətməyib. İndiyədək Fransanın Ermənistanı silahlandırması qismən qapalı şəkildə (məsələn, humanitar yardım adı altında), qismən də üçüncü tərəflərin (məsələn, Hindistanın və İranın vasitəsilə) həyata keçirilirdisə, rəsmi Paris artıq bunu açıq şəkildə bildirir. Lakin oktyabrın 3-də Fransa xarici işlər naziri Ketrin Kolonnanın Ermənistan paytaxtına səfəri zamanı verdiyi açıqlamalar iki ölkə arasındakı münasibətlərin artıq yeni mərhələyə qədəm qoyması və aşkar şəkildə silah-sursat tədarükünü nəzərdə tutan hərbi əməkdaşlıq səviyyəsinə yüksəldiyinə işarədir.

 

Fransanın birdən-birə Ermənistana bu qədər "canıyananlıq" etməsi, halına acıması görüntüsü yaratması heç də zərurətlə üst-üstə düşmür. Bu, tamamilə rəsmi Parisin Cənubi Qafqazla bağlı planlarına söykənən ssenaridən başqa bir şey deyil. Nəzərə alsaq ki, son iki həftə Qafqazın tarixində hərbi müstəvidə ən sabit dövr kimi yadda qala bilər, o zaman Fransa başda olmaqla bəzi Qərb dairələrinin bu qədər narahatlığını anlamaq elə də çətin deyil. Fransa çox yaxşı anlayır ki, Cənubi Qafqazda sabitlik regiona daxil olmaq istəyən qüvvələr üçün ən böyük əngələ, maneəyə çevrilə bilər. Rəsmi Paris onu da yaxşı başa düşür ki, bölgədəki bu sabitlik Azərbaycanın mülki əhaliyə zərər yetirmədən, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirməsi və qanunsuz xunta rejiminə son qoymasından sonra baş verdi.

 

Böyük ehtimalla Emmanuel Makron başda olmaqla, digər ermənipərəst Qərb siyasətçiləri də indi yuxularını əməlli-başlı qarışdırıblar. Narahatlıqları artır ki, əgər Azərbaycan regionda sabitliyi bərpa edə bilibsə, Ermənistanı revanşa alovlandırmaq, onu silahlandırmaq ən doğru yoldur. Çıxış yolunu, bölgəni qarışdırmağı, Ermənistanı silahlandırmaqla eskalasiya riskini artırmaqda görən Qərb, bu istiqamətdə bir xeyli "fəallaşıb".

 

Fransanın təşəbbüsü ilə bir qrup dövlətin 2023-cü il oktyabrın 11-də BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə birgə bəyanat verməsi bunun ən bariz nümunəsidir. Bəyanatda Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin köçməsinin səbəblərinə dair səslənən böhtan xarakterli əsassız iddiaların arxasında təbii ki, marionetkası olan Ermənistanın vəziyyəti yox, öz maraqları dayanır. Təəssüflər olsun ki, rəsmi İrəvan bu gün ona qarşı qazılan ən böyük quyuya düşməyin tam astanasındadır.

 

Bu gün Ermənistan siyasi hakimiyyətinin bölgədəki layihələrdə maraqlı olduğuna, qonşu dövlətlərlə münasibətləri daha da sabitləşdirmək və normala salmaq istiqamətində hər hansı bir təşəbbüsünə şahid deyilik. Əvəzində Nikol Paşinyanın Qərbin şirin vədlərinə aldanıb, Cənubi Qafqazdakı yerini və mövqeyini daha da ağırlaşdırmaq istiqamətində addımlarını müşahidə edirik. Necə ki, Ermənistanın baş naziri bir neçə gün əvvəl Azərbaycanın qatılmayacağını bildiyi Qranada sammitinə uçdu. Təbii ki, bu onun şəxsi işidir. Lakin orada Azərbaycansız Azərbaycanın müzakirə olunduğu anlaşılmaz görüşdə iştirak edərək, detalları açıqlanmayan sənədə imza atmasının bir adı var - klounluq!

 

Əgər Ermənistan tərəfi gerçəkdən də Azərbaycanla sülh müqaviləsinin imzalanmasında görüntüsünü yaratdığı qədər maraqlı və istəklidirsə, o zaman Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 6 saat Qranadaya uçub, orada Azərbaycansız Azərbaycanın müzakirə olunduğu anlaşılmaz görüşdə iştirak etdiyi halda, niyə 2-3 saatlıq məsafədə yerləşən Bişkekə səfərdən imtina etdi?!

 

Bu ritorik sualın cavabı hamıya bəllidir: Ermənistan bir qucaqdan qurtulub, başqa bir qucaqda özünə yer edir. Rəsmi İrəvan öz köhnə siyasətindən əl çəkmir, dəyişən sadəcə hamiləridir. Fransanın isə özünü canıyanan göstərmək üçün Ermənistana silah-sursat verməsi, Fransa XİN başçısının İrəvandakı çıxışı, dünən Senatdakı çıxışı, ermənilərin Azərbaycana qayıdışına dair BMT-nin Təhlükəsizlik Şurasında qətnamə qəbul edilməsi istiqamətində təşəbbüs irəli sürəcəklərini bildirməsi və s. bu dövlətin (Fransa) militarizm siyasətindən və arxadakı çirkin diplomatik oyunları ilə regionda sülhün bərqərar olmasına imkan verməmək niyyətindən xəbər verir. Məqsəd hərbi qarşıdurma və gərginlik fonunda bölgədə möhkəmlənməkdir.

 

Ən təəssüfdoğurucu məqamlardan biri də odur ki, Fransanın azərbaycanlılara qarşı ayrı-seçkiliklə və Azərbaycanın ünvanına əsassız ittihamlarla bölgədə gərginliyi artırmaq və sülh prosesini pozmaq niyyətinə dəstək olan başqa dövlətlərin də adına rastlamağımızdır. Emmanuel Makron hakimiyyətinin bəyanatına qoşulan ölkələrin bir çoxunun adına (Fransanın özü, Almaniya, ABŞ, İspaniya və s.) diqqət yetirəndə əslində hal-qəziyyə daha da aydınlaşır. Bunların bəziləri o dövlətlərdir ki, müxtəlif dövrlərdə müxtəlif xalqlara qarşı dəfələrlə çoxsaylı cinayətlər törədiblər, etnik təmizləmələr həyata keçiriblər.

 

Həyatın ironiyası isə ondan ibarətdir ki, adları sadalanan dövlətlərdən digərləri bu gün eyni zamanda separatçılıqla mübarizə aparır, ərazi bütövlüyü məsələsində yarımçıq qalan problemləri var. Lakin təzadlar Azərbaycana qarşı hər zaman, hər məsələdə özünü göstərdiyi kimi bu mövzuda da yan keçmir. Belə ki, Azərbaycanın 19-20 sentyabrda keçirdiyi lokal anriterror tədbiri nəticəsində Qarabağ iqtisadi rayonunda kökünü kəsdiyi separatçıların taleyindən elə ən çox narahatlıq keçirən dövlətlər də məhz bu gün eyni problemlə üz-üzə olan dövlətlərdir. Burada bir məqam diqqətdən qaçmır: Qərbin separatizmlə mübarizə aparan həmin dövlətlərinə qarşı beynəlxalq təsisatlar göstərdikləri həssaslığı nə geridə qalan 30 illik işğal zamanı, nə də 44 günlük müharibədən sonra Azərbaycana qarşı nümayiş etdirmədilər. Əvəzində islamofobiya, türkofobiya, anti-İslam çağırışlarının hər zaman mərkəzində adı hallanan Qərb dairələri bununla da ikili standartlardan yana olduqlarını hər fürsətdə təsdiqləmiş olurlar.

 

Lakin yaxşı olar ki, Ermənistan bu proseslərdən cəsarətlənib Azərbaycana qarşı hər hansı bir yeni çirkin plan arxasınca düşməsin. Çünki regionda bu gün hərbi müstəvidə yaranmış bu sabitliyə bəzi ölkələr və dairələr diplomatik müstəvidə zərər verəcək addımlar atdıqları təqdirdə ilk növbədə Ermənistanı zərbə altında qoymuş olurlar. Növbəti eskalasiya isə Ermənistanın məhvinin qaçılmaz olacağını istisna etmir. Bu səbəbdən Ermənistan rəsmi Bakının sülh təklifinə adekvat cavab verib, konstruktivlik nümayiş etdirmiş olsa həm özünün, həm də regionun təhlükəsizlik kəmərində önəmli yer almış ola bilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.