Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesində sahibləndikləri mövqeləri sürətlə itirməkdə olan ABŞ və Avropa İttifaqı indi sürətlə irəliləmək istəyirlər. Alınacaqmı?
Azərbaycan və Ermənistan arasında normal əlaqələrlə münasibətlərin qurulmasının şərti olan sülh sazişinin imzalanması labüd məsələdir. Daha dəqiq olsaq, iki dövlət arasındakı elan edilməmiş müharibə vəziyyətinin sonu məhz bu anlaşma olmalıdır: əksi regionda fasiləsiz gərginlik, hərbi əməliyyatlar ehtimalı və sporadik atışmalar, mövqelərin atəşə tutulmasıdır.
Son onilliklərin təcrübəsini nəzərə alsaq, qarşı tərəfin mövqelərini daim atəşə tutan, hərbçiləri isə hədəf seçən Ermənistandır. Belə olan şəraitdə Ermənistan hər hansı formada mənfəət əldə edərək mövqelərini gücləndirmək niyyətində olsa da, daha da gerilədi. Geriləmə o qədər sürətli oldu ki, Qarabağ münaqişəsi illərində düçar olduğu nəqliyyat blokadasını indi müxtəlif beynəlxalq təşkilatlarda isteriyaya çevirən Ermənistan bölgənin ən zəif dövlətinə çevrilib.
"Failed state" statusunu könüllü olaraq əldə etmiş Ermənistanın mövqelərini xilas etməyə çalışan ABŞ və Avropa İttifaqı danışıqlar prosesində siyasi möhtəkirliklə məşğul olmağa qərar vermişdi.
Xatırladaq ki, Azərbaycanın sülh sazişini imzalamaqda və qarabağlı ermənilərin də reinteqrasiya prosesində qəti qərarlı olduğunu dəfələrlə bəyan etməsinə rəğmən, Qərb sazişlə "qarabağlı ermənilərin təhlükəsizliklərinin və hüquqlarının təminatı" məsələlərini bir müstəvidə, paralel nəzərdən keçirməyə meyilli idi.
Xankəndidəki artıq sabiq separatçı xunta təbii ki, belə qəfil "hədiyyə"dən ürəkləndi, cəsarətləndi və "blokada, humanitar fəlakət, aclıq" mifini daha da inetnsivləşdirdi. İş o yerə çatdı ki, Ermənistana güvənən separatçılar Bakıdan göndərilmiş humanitar yüklü avtomobilləri Ağdam-Xankəndi marşrutu ilə buraxmadılar. Yalnız rəsmi Bakının mövqelərini daha da sərtləşdirməsindən və Rusiya Sülhməramlı Kontingentinin (RSK) prosesə aktiv müdaxilə etməsindən sonra humanitar yük, yəni un və un məmulatları Xankəndinə çatdırılaraq yerli sakinlər arasında paylanmışdı.
ABŞ və Avropa İttifaqının mövqelərindəki dualizmdən istifadə edən Ermənistanın baş naziri Nikol Paşinyan da şərhlərindəki aqressiv ritorikanı artırır, sülh sazişinin imzalanmasına yönəlmiş prosesdə aramsız maneələr yaratmağa çalışırdı.
Onu cürətləndirən əsas ünsür Fransanın prezidenti Emmanuel Makrondan aldığı dəstək idi. Üstəlik, fransalı siyasətçilərin və dövlət mənsublarının açıqlamalarında Ermənistanın mövqeyinin beynəlxalq hüquq, insan haqları, geosiyasi maraqlar və s. nüanslar çərçivəsində müdafiə olunduğu deyilmirdi. Bəyanatlarda, sənədlərdə və açıqlamalarda "biz erməniləri dəstəkləyirik" ifadəsi yer alırdı ki, bunun da kazuistikadan kənar mənası "Ermənistanın nə mövqe tutmasından, Paşinyanın indi dediklərinin məzmunundan asılı olmayaraq İrəvanı dəstəkləyirik" tiplidir.
N.Paşinyanı o qədər vəcdə gətirdilər ki, o, mövqeyində Rusiyadan inciklik narrativini Rusiyaya qarşı kəskin antipatiya ilə əvəzlədi və nəticədə Ermənistanda anti-Rusiya meyilləri daha da artdı.
Ermənilər 2-ci Qarabağ Müharibəsindəki kapitulyasiyalarında, Xankəndidəki xuntanın aqoniyasının başlanmasında Rusiyanı suçlamağa başladılar.
Onu da xatırladaq ki, Azərbaycanla Ermənistan arasındakı danışıqlarda əsas vasitəçi roluna yiyələnərək ABŞ-ı, Rusiyanı və Avropa İttifaqını geridə qoymağa çalışan Fransanın destruktiv fəaliyyəti Qranada fiaskosu ilə nəticələndi.
İspaniyanın Qranada şəhərində keçirilən Avropa İttifaqı sammitində prezident Emmanuel Makron bəhs etdiyimiz sülh sazişinin imzalanması üçün əsas platforma sayılan "Azərbaycan-Ermənistan-Avropa İttifaqı" formatına Fransanı və Almaniyanı da qataraq əcaib "beştərəfli format"a nail olmağa çalışdı.
Qranadada Emmanuel Makron, Avropa İttifaqı Siyasi Şurasının sədri Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyan və Almaniyanın kansleri Olaf Şoltsun imzaladıqları birgə bəyanatı Azərbaycanla Ermənistan arasında sülh sazişi müqaviləsi ərəfəsində aralıq anlaşma kimi qələmə verməyə çalışsalar da, bu cəhd irrasional təsir bağışladı.
Bakı Qranada sammitində iştirakı rədd etdi və E.Makronun xəyalındakı format yaranmamış məhv oldu.
Azərbaycanın mövqeyi sabit və qətidir: Emmanuel Makronun əsas rol oynamağa çalışdığı heç bir formatda Bakı iştirak etməyəcək. Bununla belə, ölkəmiz Brüssel formatına sadiqdir və sözügedən formatda danışıqlarla müzakirələri davam etdirməyə hazırdır.
Fransa indi də sakitləşməyib, bir sıra beynəlxalq təşkilatlarda, müstəvilərdə və platformalarda Azərbaycana açıq təzyiq cəhdlərini davam etdirir.
Rəsmi Parisin anti-Azərbaycan təşəbbüsləri yaxın vaxtlarda tükənənə bənzəmir.
Qərbin, yəni ABŞ və Avropa İttifaqının Ermənistanı dəstəkləmələri, Fransanın isə Nikol Paşinyana hamilik etmələri zahiri, spontan və son vaxtlar formalaşmış məsələlər deyil.
Bu səbəbdən də Azərbaycan birdəfəlik olaraq Qərbə anlatmalıdır ki, sülh sazişi ilə bağlı istənilən formatda və müstəvidə aparılacaq danışıqların gündəliyini məhz Bakı müəyyənləşdirir.
Qarabağda beynəlxalq sülhməramlı kontingentdən söhbət belə gedə bilməz, çünki qarabağlı ermənilərin hüquqlarını və təhlükəsizliklərini yalnız Bakı təmin edir, edəcək.
Bir qədər əvvəl ciddi səhvlərə yol verən, Azərbaycana yanaşma təzində qüsurlu və qərəzli mövqe tutan Qərb davranışı ilə Rusiyanın Cənubi Qafqazda aktivləşərək mövqelərini möhkəmlətməsinə səbəb oldu.
Qərb səhvlərini təkralayacaqmı?