Ermənistanla erməniləri dəstəkləyən dövlət və hökumət başçılarına... MƏSLƏHƏT - Bir yerə yığışıb Azərbaycana qarşı "sərt və ötkəm" ÜMUMİ BƏYANAT qəbul edin, çünki...
ELÇİN ALIOĞLU YAZIR

Avstriya parlamenti "Qarabağdakı vəziyyət haqqında" adlı aşkar ermənipərəst, Azərbaycana qarşı yönəlmiş qətnamə qəbul edib.

 

Deputatların tam əksəriyyətinin lehinə səs verdiyi sənəddə ölkəmiz "qarabağlı erməniləri etnik təmizləməyə məruz qoymaq"da ittiham olunub.

 

Müzakirələri və səsverməni Ermənistanın Avstriyadakı səfiri Armen Papikyan müşahidə edib.

 

Avstriya parlamentindəki 5 fraksiyasının hamısının dəstəklədiyi sənəddə ölkə hökumətindən Ermənistanda məskunlaşan qarabağlı ermənilərə "hərtərəfli dəstək verilməsi, Laçın dəhlizi ilə azad və maneəsiz hərəkətin təminatına çalışmaq, habelə Dağlıq Qarabağ ərazisinə beynəlxalq müşahidəçilərlə beynəlxalq humanitar təşkilatların uzunmüddətli monitorinq üçün girişinin təminatı" istənilir.

 

Ermənistan səfirinin parlament binasında fəxri qonaq qismində iştirak etdiyi müzakirələrdə avstriyalı deputatlar 44 günlük İkinci Qarabağ Müharibəsindən əvvəlki 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında qaldığını, ermənilərin ərazilərimizdə urbisid törədərək torpaqlarımıza divan tutduğunu, 1 milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qaldığını, Ermənistan ordusunun şəhərlərimizi ballistik raketlərlə atəşə tutduğunu, Vətən Müharibəsindən sonra yüzlərlə azərbaycanlının mina terrorunun qurbanı olmasını xatırlamayıblar. 

Təəccüblü heç nə yoxdur: avstriyalı deputatlar bundan əvvəl Fransa, Belçika, Hollandiya, Yunanıstan, Kipr və s. kimi bir sıra ölkələrin ali qanunverici orqanlarındakı həmkarlarının əməllərini təkrarlayıblar.

 

Beləcə onlar, siyasi əxlaqsızlıq, mənəviyyatsızlıq və məntiqsizlik kimi mərəzlərin Avropanın bəzi ölkələrinin parlamentlərində geniş yayılmış xəstəlik olduğunu təsdiqləyiblər.

 

Amma qətnamələrlə yanaşı, sanksiyalar "hədə"ləri də var.

 

Məsələn, uzaq Kanadanın hakimiyyət dairələrinin erməniləri və Ermənistanı fasiləsiz, daim, sədaqətlə və qətiyyətlə dəstəklədikləri bəlli məsələdir.

 

Rəsmi Bakı bu siyasi perfomansdan da əsla narahat deyil. Amma rəsmi Ottava bəzən ümumiyyətlə, marazma qapılır.

 

Kanadanın xarici işlər naziri Melani Joli "Qarabağa görə" ölkəsinin Azərbaycana cəza sanksiyaları tətbiq edə biləcəyini istisna etməyib.

 

"Məsələ indi nəzərdən keçirilmə mərhələsindədir. Biz həmişə demişik ki, qonşu dövlətlərin ərazi bütünlüyünə, sərhəd toxunulmazlığına sayğı göstərmək gərəkdir".

 

M.Jolinin paradoksal bəyanatının motivləri, Kanadanın Azərbaycana qarşı "cəza sanksiyaları"nın perspektivləri barədə müzakirələr aparmağa dəyməz. Sadəcə, kanadalı nazir erməniləri dəstəkləmək, ermənidən artıq erməni təsiri bağışlamanq fikrinə düşməzdən əvvəl Google vasitəsilə axtarış apararaq Azərbaycan və Ermənistanın necə dövlətlər olduğunu, Qarabağın hansı ölkənin ərazisində yerləşdiyini araşdırsaydı, məsələyə məhz bəhs etdiyi "ərazi bütünlüyünə, sərhəd toxunulmazlığına sayğı" mövqeyindən bəlkə də yanaşa bilərdi.

 

Bəs yaxşı, Kanada erməniləri dəstəkləməyi yeni, daha yüksək səviyyəyə qaldırmaq üçün Azərbaycana qarşı "cəza sanksiyaları" tətbiq etmək fikrinə düşərsə, nəyə nail olacaq? 

Rəqəmlərə, daha doğrusu, rəsmi statistikaya nəzər salaq. 2023-cü ilin əvvəlindən Azərbaycan Kanadadan 1,05 milyon dollarlıq mal və məhsul idxal edib. Bu isə Azərbaycanın ümumi idxalının 0,099 faizindən artıq deyil.

 

Kanadaya icracatımızın həcmi isə 15,492 milyon dollar təşkil edib ki, bu da ilin əvvəlindən üzübəri Azərbaycanın ümumi ixracatının toplam həcminin 0,123 faizinə bərabərdir.

 

Situasiya bəhs etdiyimiz kimi olduğundan Ermənistanla erməniləri sürəkli, fasiləsiz dəstəkləmək niyyətində olan bütün dövlət və hökumət başçılarına, siyasətçilərə, deputatlara və senatorlara, habelə beynəlxalq və regional təşkilatlara məsləhət görərdik ki, bir yerə yığışsınlar, Azərbaycana qarşı "çox sərt, qətiyyətli və ötkəm" ümumi, birgə bəyanat qəbul etsinlər.

 

Hər dəfə bir siyasətçi, yaxud hansısa parlament sərsəm bəyanatlar verərək özlərini hörmətdən salmaq və idiot duruma salmaqla yanaşı, belə kağız tullantılarında yazılanlarla heç olmasa tanış olmaq üçün onları oxumaq məcburiyyətində qalan bizim vaxtımızı alırlar.

 

Çünki hər bəyanatdan sonra Emmanuel Makron, Valeri Buaye və ya Melani Joli kimi paradoksal şüurlu şəxslərə gərək tələsmədən, aramla, bəzən surdotərcümə ilə başa salaq ki, rəsmi Bakıya təzyiq göstərmək cəhdi olan bəyanatlar, açıqlamalar, qətnamələr, “sanksiya hədələri” və s. heç bir effektə malik deyil.

 

Rəsmi Bakı belə kağız parçaları ilə bizi hədələməyə çalışanların verbal küyünü nəzərə almır, belə fikirdə də deyil.

 

Tam əksinə, Azərbaycan bütün ölkələrlə, o cümlədən Avstriya və Kanada ilə bərabərhüquqlu, intensiv, genişmiqyaslı və maraqlarla mənafelərin qarşılıqlı şəkildə nəzərə alınmasını ehtiva edən əlaqələrdə maraqlıdır.

 

Biz kimsənin daxili işlərinə qarışmadığımız kimi, kimsəyə də imkan vermərik ki, ölkəmizin daxili işlərini özünün “ciddi qayğı, təlaş və narahatlıq obyekti”nə çevirərək timsah göz yaşları tökərək kimlərisə nəyəsə inandırmaq fikrində olsun.

 

Ermənistana hansı dövlətlərin, təşkilatların və ya şəxslərin necə dəstək verdiyi rəsmi Bakı üçün əsla maraq kəsb etmir.

 

Avstriya, Kanada, Fransa, Yunanıstan, Hollandiya və ya cırtdan Lüksemburqun İrəvanla maksimal səviyyədə sıx əlaqələr qurmaq istəyi də bizi qayğılandırmır.

 

Ermənistan qonşu dövlətdir, xarici siyasi kursundakı seçim, ikitərəfli və ya çoxtərəfli əlaqələrdəki marşrutlarla maraqları ermənilərin daxili işidir - qarışmaq və ya müzakirə etmək fikrində olmamışıq, belə niyyətə də düşən deyilik.

 

30 ildən artıq davam etmiş erməni işğalına son qoyan, BMT Təhlükəsizlik Şurasının erməni işğalı ilə bağlı qəbul etdiyi 4 qətnaməni BMT-nin əvəzinə icra etmək məcburiyyətində qalan, Xankəndidəki separatçı rejimin mövcudluğuna son qoyan Azərbaycanın necə bir uğur əldə etdiyini hələ anlamırıq.

 

Halbuki bütün nüansları bir kənara qoysaq - Azərbaycan postsovet məkanı ölkələri arasında ilk dövlət oldu ki, ərazisindəki separatizmin aqoniyasına nail oldu.

 

Azərbaycan postsovet məkanında ilk ölkə oldu ki, separatçı-terrorçu rejimə qarşı lokal antiterror tədbirlərini həyata keçirərək qarabağlı ermənilər arasında bir nəfər olsun belə (!) mülki şəxsin, dinc qarabağlı erməninin yaralanması, yaxud xəsarət almasına yol vermədi.

 

Ən nəhayət, Azərbaycan dünyanın yeganə ölkəsidir ki, dinc vətəndaşlarını qətlə yetirən, terror aktlarını həyata keçirən separatçılara qarşı beynəlxalq hüquq, Cenevrə konvensiyaları çərçivəsində davrandı.

 

Belədirsə, bizi suçlayanların məntiqi dərin şübhə doğurur.

 

Bu, hələ ən yumşaq və etik ifadədir...






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.