Ermənistan odla oynamağa davam edir. Bunun nə qədər çəkəcəyini isə elə ən yaxşı Nikol Paşinyan bilir. Çünkü rəsmi İrəvanın Rusiyanın orbitindən çıxmaq üçün son 3-4 ildə göstərdiyi fəallıq artıq pik səviyyəsinə çatıb. Hətta bu gün iki ölkə arasında diplomatik gərginlik o qədər artıb ki, Ermənistanın Rusiyanın sərt reaksiyası ilə qarşılaşacağı iddiaları bəzi diplomatik dairələrdə hər ötən gün daha da artır.
Bunun üçün Nikol Paşinyan hakimiyyəti çox tutarlı zəmin hazırlamaqla məşğuldur. Maraqlısı odur ki, Qərbin ətəyindən yapışmağa çalışan rəsmi İrəvan nə tutduğunu buraxmaq fikrindədir, nə də çıxdığı yolun sonunu görmək iqtidarında.
Qısası, Paşinyan eyni anda bir neçə qütbə pas vermək istəyir. Proseslər isə düşünməyə əsas verir ki, Ermənistan başına gələnlərdən başmaqçı olmağı bacarmır ki, bacarmır. İrəvan səhvlərini korrektə etməyi bilmir. Bunu xüsusilə son illərin geosiyasi prosesləri deyir.
Avropa İttifaqının Ermənistandakı müşahidəçilərin sayının artırılması qərarı şübhəsiz ki, İrəvanın rızası ilə gerçəkləşib. Bu addım isə, tərəddüd etmədən deyə bilərik ki, Azərbaycandan çox Rusiyanı narahat edəcək. Artıq bununla bağlı Moskvada müəyyən fikirlər də formalaşmaqdadır. Kremldəkilərin fikrincə, həmin missiya Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazası haqqında kəşfiyyat məlumatları toplamaq məqsədi ilə fəaliyyət çevrəsini genişləndirmək üçün nəzərdə tutulub.
Bütün bu gedişatın arxasında əsas aktor sözsüz ki, Qərb-ABŞ tandemidir. 44 günlük müharibədən sonra Cənubi Qafqazda zəifləyən mövqelərini gücləndirmək istəyən Fransa və ABŞ çox yaxşı başa düşürlər ki, yenidən regionda toparlanmaq, mövqelərini bərpa etmək üçün Ermənistan amilindən istifadə etmək olar. Azərbaycan müstəqil siyasət yürüdür, İran və Rusiyanın isə Qərb-ABŞ tandeminə qarşı olan münasibəti gün kimi aydındır. Belə olan halda yenə bütün qara işlərin həyata keçirilməsi üçün Ermənistan amilindən "faydalanmaq" arzusundadırlar.
Onların məqsədləri də sirr deyil. ABŞ və Fransa baş nazir Nikol Paşinyanı Rusiyadan uzaqlaşdırmağa və Rusiyanın Ermənistandakı hərbi bazasının yaxın müddətdə çıxarılmasına təşviqə çalışırlar. Qərbin ilk planı budur. Bunlar Azərbaycana aidiyyəti olmayan məsələlər kimi görünə bilər. Amma istisna edilmir ki, tandem Rusiyanı regionda tamamilə zərərsizləşdirdikdən sonra növbəti hədəf kimi məhz Azərbaycanın təsir gücünü azaltmaq, rəsmi Bakının yaratdığı yeni geosiyasi reallığı sarsıtmaq niyyətini ortaya qoyacaq.
Bəs Qərb arzusuna çata biləcəkmi? Regionun öz lider dövlətləri var və tezliklə İranda 3+3 formatında XİN başçıları səviyyəsində görüşün keçirilməsi qərarı böyük mənada Qərb-ABŞ tandeminin Cənubi Qafqaz planlarına qarşı çox önəmli formata çevrilmək potensialındadır. Görüşdə Ermənistanın da iştiraka razılıq verməsi Qranada-Bİşkek haqq-hesabından sonra nə qədər gözlənilməz olsa da, Paşinyanın özünü qorumaq üçün əvvəl-axır belə bir görüşə razılıq vermək məcburiyyətində qalacağı istisna edilmirdi.
İndiyədək bu formatda görüşün olmamasının səbəbinin Azərbaycanın İranla münasibətlərindəki soyuqluq və gərginliklə bağlı olduğunu düşünmək olardısa, son vaxtlar Bakı ilə Tehran arasında diplomatik əlaqələrdəki buzların əriməsi deməyə əsas verir ki, bu soyuqluq arxada qaldığından, artıq 3+3 formatında XİN başçıları səviyyəsində görüşün keçirilməsinə daha heç nə mane olmur.
Belə bir vəziyyətdə İrəvan məcburdur ki, Bakının Tehranla diplomatik əlaqələrinə yenidən baxmağa başladığı proseslər fonunda kvartetdən geri qalmasın. Qərbin Cənubi Qafqazda, Azərbaycanla Ermənistan arasında mövcud vəziyyətə, sentyabrın 19-20-də həyata keçirilmiş antiterror tədbirlərinin mahiyyətinə və nəticəsinə ədalətlə yanaşmadığı bir vaxtda cənub qonşumuzla münasibətlərin normala dönməsi Ermənistanı iki daş arasında sıxışdırmaqdan betər edə bilər.
Ermənistana ardıcıl maliyyə və humanitar yardımın göstərilməsi, silahlandırılması istiqamətində atılan addımlar, Aİ-nin bu ölkədəki hərbiləşmiş missiyasının müddətinin uzadılması ehtimalının yüksək olması, Paşinyan başda olmaqla Ermənistan rəsmilərinə edilən siyasi reveranslar Qərbin ikiüzlülüyündə, ikili standartlarında və riyakarlığında heç bir şübhə yeri qoymadığı bir vaxtda Azərbaycanın Qərbin rəqibi, Ermənistanın dostu ilə münasibətləri isinişləşdirməsi, İrəvanın paranormal xarici siyasətini biraz da çətinə salmış olacaq.
Çünkü bir tərəfdə masada əli daha da güclənən bir Azərbaycan var, digər tərəfdə isə Ermənistanın uzun illər iqtisadi-siyasi həyatını idarə edən hamiləri İran və Rusiya amili. Çox güman ki, Nikol Paşinyanın Tehrandakı görüşdən imtina etməməsinin ən böyük səbəblərindən biri də məhz keçmiş hamilərinə hələ də sadiqlik nümayiş etdirdiyi görüntüsü yaratmaqdır. Lakin Nikol Paşinyan hakimiyyətinin bu "şousunu" adı çəkilən dövlətlər bağışlayacaqmı, bax bu, artıq şübhə doğurur. Ən azından Kremlin İrəvanın xəyanətini əfv edəcəyi inandırıcı görünmür.