Avropa İttifaqı və xüsusilə də Fransa son həftələrdə Azərbaycana təzyiqləri nə qədər artırmağa çalışırsa, Cənubi Qafqazdakı mövqelərini və siyasi nüfuzunu bir o qədər sürətlə itirir.
Fransanın Azərbaycana qarşı aqressiv siyasəti artıq bütün məntiq, əxlaq və dərrakə sərhədlərini keçib.
Belə ki, Fransanın Ermənistandakı səfiri elan yayaraq bildirib: "Paris Şəhər Şurasının fəxri vətəndaşlıq verilməsi ilə bağlı qəbul etdiyi qərara əsasən, qarabağlı ermənilərə “Fəxri vətəndaşlıq sertifikatları” veriləcək. Bundan əlavə, müraciət edən şəxs özü və hər bir azyaşlı uşaq üçün birdəfəlik humanitar yardım alacaq”.
Ermənistan xəbər kanallarının yaydığı məlumatda qeyd olunur ki, fəxri vətəndaşlığın və yardımların verilməsinə bu gün səhər saatlarında Fransanın İrəvandakı səfirliyində başlanıb.
Çox yəqin ki, Paris Şəhər Şurasında, yəni Fransa paytaxtının meriyasında çalışanlar düşünüblər ki, bu gün səhər saatlarından etibarən İrəvandakı səfirliyin qarşısına on minlərlə qarabağlı erməni toplaşacaq - hər birinin də bir əlində ənənəvi fransız çörəyi olan "baqet", o biri əlində qurbağa budları, ciblərində də Emmanuel Makronun fotoları.
Təəccüblü heç nə yoxdur: qarabağlı ermənilərin bir mifik "vətəndaşlığı" vardı, indi ikinci irreal "vətəndaşlığı" olacaq. Azərbaycan Ordusunun keçirdiyi 23 saatlıq lokal antiterror tədbirlərinə və sonradan Xankəndidəki xuntanın aqoniyasınadək onlar heç bir dövlətin, hətta Ermənistanın belə tanımadığı və tanımaq istəmədiyi "Dağlıq Qarabağ"ın "vətəndaş"ları idilər. Guya…
Çünki qarabağlı ermənilərə "vətəndaşlıq"la bağlı "pasport" adlanan karton parçası paylansa da, onların hamısı Ermənistan pasportunu daşımağa üstünlük verirdilər.
İndisə Paris meriyası bu zavallıları nəyəsə ümid bağlamağa vadar edərək dünyanın heç bir ölkəsinin tanımadığı və heç bir zaman da tanımayacağı "fəxri vətəndaşlıq"la sevindirmək istəyir.
Paris Şəhər Şurasının qərarı təbii ki, Fransa prezidentinin razılığı ilə qəbul olunub. Məqsəd "qarabağlı ermənlərin hüquqlarının və təhlükəsizliyinin təminatı", habelə onların guya "etnik təmizləməyə məruz qalmaları" ilə bağlı isteriyanı davam etdirməkdir.
İrəvandakı səfirlik binasının qarşısına toplaşanlar yenə adladılıblar.
Fransa prezidenti Emmanuel Makron nə Ermənistanın hakimiyyət isteblişmentinə, nə də sıravi ermənilərə real heç nə verən deyil.
Ermənistanın baş naziri Nikol Paşinyan diplomatiyada nə qədər diletant olsa da, bunu dərk edir. Məhz həmin səbəbdən o, aqressiv bəyanatlarına və sərt açıqlamalarına rəğmən, Rusiya Federasiyası ilə əlaqələri kəsməyə tələsmir.
Fransa və Rusiyadakı erməni icmaları Ermənistanın maliyyə mənbələri arasında xüsusi yer tutsa da, İrəvanın siyasi elitalarının planları baxımından fərqli mövqelərdədir.
Rusiyadakı erməni icması ilə Paşinyan komandasının münasibətləri rəvan olmasa da, möhkəmdir. Nə də olsa, Ermənistanın indiki hakimiyyəti və Rusiyadakı erməni diasporunun rəhbərləri sovet təfəkkürünün daşıyıcısı olublar, postsovet dünyagörüşünə malikdirlər.
Fransadakı erməni icması ilə isə N.Paşinyanın və onun komandasının təmasları arzuolunan məcrada alınmır. Paşinyanın Qərbə meyilli bütün bəyanatlarına və cəhdlərinə rəğmən, Fransadakı erməni icması onu tam anlamır.
Səbəb odur ki, Fransadakı erməni diaspor təşkilatlarının funksionerlərinin və rəhbərlərinin tam əksəriyyəti əslən Yaxın Şərq və Türkiyədən olan erməni ailələrində doğulublar.
Onlar da ermənilərdir, amma Ermənistan ermənilərindən tam fərqli dünyagörüşə, mədəni və s. orientirlərə malik ermənilər.
Üstəlik, N.Paşinyana və onun komandasına ən kəskin antipatiya bəsləyən ermənilər də Fransada yaşayırlar. Təsadüfi deyil ki, Ermənistanın baş nazirinin Fransaya hər səfərində o, yerli erməni icmasının mənsublarının hücumlarına məruz qalır.
Bundan başqa, Fransadakı erməni icmasının qüdrətli olması ilə bağlı deyilənlər və yazılarlar da mifdir.
Məsələn, erməni Anuş Toranyan Parisin vitse-meri kimi təqdim olunur. Halbuki o, sadəcə, Paris merinin assistenti, yəni adi köməkçidir.
Ümumiyyətlə isə, hakimiyyətin ifrat mərkəzləşdiyi Fransada paytaxtın meri iqtidar ierarxiyasında önəmli fiqur sayılmır.
Strasburq şəhərinin erməni əsilli meri Janna Barseqyana gəldikdə isə, o, Fransa siyasətində çəkisi və nüfuzu olmayan adi məmurdur.
Say baxımından Fransadakı erməni icması böyük olduğundan yerli siyasətçilər, xüsusilə də nazirlər və prezident seçkilərdə onların səslərini qazanmaq üçün bütün vasitələrə əl atırlar.
Lakin ölkə siyasətində, mediada, iqtisadiyyatda və s. sahələrdə tutduqları yerlə hadisələrə təsir imkanları baxımından Rusiyadakı erməni icması daha böyük imkanlara malikdir.
Fransadakı erməni diasporu struktur, təşkilatlanma və təmərküzləşmə baxımından çox zəif olduğundan Emmanuel Makronun bütün isterik bəyanatlarına və çılğın səylərinə rəğmən, Parislə İrəvan arasında stabil, dayanıqlı əməkdaşlıq alınmır.
Üstəlik, Fransanın Ermənistanda ciddi, real və rasional maraqları olmadığından Emmanuel Makrondan tutmuş, hansısa bələdiyyə başçısının Ermənistanla və ermənilərlə bağlı bütün bəyanatları siyasət yox, müvəqqəti maraqdır.
Avropa İttifaqının digər ölkələrinə gəldikdə isə, onların Ermənistana olan maraqları daha azdır. Lakin həmin ölkələr də Ermənistanla bağlı qeyri-konstruktiv və imperialist siyasət yürüdürlər, çünki İrəvan onlar üçün vasitə, geosiyasi alver mənbəyidir.
Fransanı və ümumiyyətlə, Qərbi Ermənistanın inkişafı, tərəqqisi, normal dövlətə çevrilməsi yox, Rusiyadan mümkün qədər uzaqlaşması gərəkdir.
Yəni Qərb Ermənistanı hər an satmağa hazırdır.
Belədə Paris Şəhər Şurasının, yəni bələdiyyəsinin "fəxri vətəndaşlıq təqdimatı" qərarı sadəcə, sirk və məzhəkədir.