İranın hakimiyyət dairələri gec olsa da, dürüst qərar verdilər. Tehran məğlub və ciddi perspektivləri olmayan Ermənistan əvəzinə, Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətindədir.
44 günlük İkinci Qarabağ Müharibəsi bölgədə savaşa qədər mövcud olmuş geosiyasi düzəni darmadağın edərək qlobal miqyasda yenilənən, amma hələlik bitkin forma almayan yeni konstruksiyanın tərkib hissələrindən birini formalaşdırmağa başladı.
İlkin nəticələr Cənubi Qafqazda geosiyasi və xüsusilə də geostrateji təsir imkanlarını Azərbaycanın dəyişməyə, yeni reallıqlar formalaşdırmağa başladığını göstərirdi.
Bölgədə qüvvələr balansının sürətlə Azərbaycanın xeyrinə dəyişməsi bir sıra ölkələrlə yanaşı, cənub qonşumuz İranı da narahat etmişdi.
Rəsmi Tehran geosiyasi status-kvonu qorumaq üçün ilkin olaraq Ermənistanla əlaqələri inkişaf etməyə, İrəvanla yaxınlaşmağa çalışdı.
Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin reallaşmasına əvvəlcə qətiyyətlə etiraz edən, bölgədəki ölkələrin ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının qırmızı cizgilər olduğunu fasiləsiz bəyan edən İran situasiyanı dəyişməyə çalışırdı.
Rəsmi Tehran düşünürdü ki, belə sərt bəyanatlar vasitəsilə Azərbaycana təsir edə bilər.
Lakin az sonra məlum oldu ki, İranın bölgədəki proseslərə təsiri imkanları həddən ziyadə məhdud olduğundan sərt ritorika dövlətlərarası münasibətlərdə ciddi problemlər yarada bilər.
İkinci Qarabağ Müharibəsindən üç il sonra, bu ilin payızında Ermənistan hamisi və əsas müttəfiqi Rusiya ilə münasibətləri xeyli gərginləşdirdi. Moskvanın dəstəyini itirən baş nazir Nikol Paşinyan çıxış yolunu sürətlə Qərbə meyillənməkdə və Fransa prezidenti Emmanuel Makronun təlimatlarını yerinə yetirməkdə gördü.
Yeni müttəfiq roluna hazırlayacağına ümid etdiyi Ermənistanın kollaborasionist siyasət yürütdüyünü anlayan İran bölgədə formalaşan yeni vəziyyətlə barışmaq, Ermənistanla xüsusi münasibətlərdən imtina etmək və yeni nəqliyyat dəhlizləri layihələrinin həyata keçirilməsindən mənfəət əldə etməyə can atmağa başladı.
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutulmuş Zəngəzur dəhlizi layihəsini İran sırf iqtisadi baxımdan özünə təhlükə sayırdı. Tehran hesab edirdi ki, bu layihə gerçəkləşərsə, Ermənistan ərazisi vasitəsilə Qara dəniz limanlarına çıxış imkanlarını itirəcək.
Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş terror hücumundan sonra az qala bütün siyasi analitiklər Bakı ilə Tehran arasındakı münasibətlərin ifrat dərəcədə pisləşəcəyini və açıq qarşıdurmaya qədər tənəzzül edəcəyini təxminləyirdilər.
Amma belə olmadı.
Sentyabrın 19-20-də Azərbaycan Ordusunun qarabağlı erməni separatçılarına qarşı keçirdiyi və cəmi 23 saat davam edən uğurlu lokal antiterror tədbirləri gözlənilənlərin tam əksinə olaraq, Tehranın sakit davranışı və soyuqqanlı reaksiyası ilə müşayiət olundu.
Zəngəzur dəhlizi layihəsi məsələsində də Tehranın mövqeləri dəyişməyə başladı. İran rəsmiləri açıq olmasa da, üstüörtülü şəkildə bəyan etdilər ki, layihəyə müsbət yanaşırlar.
Bir qədər keçdi, Bakı ilə Tehran arasındakı təmaslar aktivləşdi, münasibətlərdəki aqressiv ritorika və sərt bəyanatlar yerini konstruktiv, soyuqqanlı və praqmat təmaslarla müzakirələrə verdi.
Mass-media sahəsində də don açıldı. İyulun sonunda İranın İRNA informasiya agentliyi Bakıda nümayəndəliyini açdı. Azərbaycanın AzərTAC dövlət agentliyi də Tehranda ofis açacağını bəyan etdi.
Daha sonra ölkələrimiz Astaraçay üzərində avtomobil körpüsünün inşası ilə bağlı razılaşma əldə etdilər, avqustun sonunda isə Azərbaycanın Baş prokuroru Tehrana səfər etdi, ona səfirliyimizə terror hücumu ilə bağlı istintaqın başa çatmaqda olduğunu dedilər.
Xankəndidəki erməni separatist rejimin mövcudluğuna son qoyulandan sonra isə Azərbaycanla İran arasındakı anlaşılmazlıqların da faktiki sonu çatdı.
Çünki Cənubi Qafqazda yeni geosiyasi reallığın formalaşdığını və dəyişikliklərin müəllifi ilə memarının Bakı olduğunu görən İran mövqeyində ciddi dəyişiklər etdi.
Ermənistanla əlaqələrin intensivləşdirilməsi, Gorusda konsulluğun açılması, müxtəlif iranlı siyasətçilərin, deputatların və media mənsublarının erməniləri dəstəkləyən bəyanatlarla çıxış etmələri rəsmi Tehrana real heç bir mənfəət verməsə də, Bakını qıcıqlandırır, İranla Azərbaycan münasibətlərinin normallıq məcrasına dönməsinə maneələr yaradırdı.
Ermənistanın baş naziri Nikol Paşinyanın aşkar Qərbə meyilli siyasət yürütməyə başlaması Tehranın qıcıqlandırırdısa, ermənilərin ABŞ hərbçiləri ilə birgə təlimlər keçirməsi İranın səbr kasasını daşdırdı.
Şimal sərhədlərinin yaxınlığında, Cənubi Qafqazda NATO və xüsusilə də ABŞ hərbçilərinin olmasına yol verilməyəcəyini deyən, bunu qırmızı cizgisi elan edən İran yeni vəziyyəti dəqiq dəyərləndirməliydi.
Xüsusilə də Ermənistanda amerikalı və erməni hərbçilərinin birgə təliminin, İrəvanın Vaşinqtonla hərbi-müdafiə sahəsində əməkdaşlığı Rusiyanı da ciddi narahat etmişdi.
Ukraynadakı hərbi əməliyyatlar da təbii ki, İranın mövqelərinə təsirsiz ötüşməyib.
Qərbin tətbiq etdiyi çox ağır və genişmiqyaslı sanksiyalara məruz qalan Rusiya alternativ nəqliyyat-kommunikasiya marşrutlarında, xüsusilə də İranda əməkdaşlıq istiqamətində maraqlıdır.
Belə şəraitdə “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi Rusiya üçün əlahiddə əhəmiyyət kəsb edir: Moskva dünya bazarlarına mal-məhsul tranzitinin böyük həcmini bu marşruta yönəltmək fikrindədir.
Layihənin Rusiya üçün hansı əhəmiyyət kəsb etdiyni anlamaq üçün bu marşrutun çatışmayan hissəsi olan, İran ərazisindəki Rəşt-Astara dəmiryolu hissəsinin inşası üçün Moskvanın 1,3 milyard avro ayıraraq tikintini öz hesabına aparmağa razılaşdığını xatırlatmaq yetər.
“Şimal-Cənub” layihəsinin ən önəmli hissəsi isə Azərbaycandır. Əslində, hazırda Rusiya ilə İran arasında yük maşınları vasitəsilə daşımalar hesabına sürətlə artan ticari mübadilə həcmi də məhz Azərbaycan hesabına baş tutur.
Əsas isə budur ki, “Şimal-Cənub” marşrutu ilə müqayisədə dəfələrlə tez, sürətlə reallaşdırıla biləcək nəqliyyat layihəsi olan Zəngəzur dəhlizi layihəsi İran üçün müstəsna önəmlidir.
Dəmiryolu və avtomobil magistralları Naxçıvan vasitəsilə Türkiyə və Azərbaycanı birləşdirməklə yanaşı, bu marşruta “Şimal-Cənub” trekini də qoşmağa imkan verəcək.
Ermənistanın inad edəcəyi təqdirdə Şərqi Zəngəzur dəhlizinin bir hissəsi İran ərazisindən keçəcək, Tehrana Türkiyə vasitəsilə Aralıq dənizinə, Azərbaycan vasitəsilə dəmiryolu ilə Rusiyaya çıxmaq imkanları yaradacaq.
Sadalanan amillərin məcmusu İranın nəzərində Ermənistanın önəmini dəfələrlə azaldıb.
Üstəlik, Bakı ilə mübahislərin və sərt münasibətlərin heç bir perspektivinin olmadığını anlayan İran əlaqələri normalaşqdıraraq yeni tranzit marşrutlara çıxış əldə etmək niyyətindədir.
Və bu, Azərbaycanın da maraqlarına cavab verir...