Ermənistan sözdə "neytral və bloklara qoşulmayan ölkə" olmağa hazırlaşır.
Ermənistanınn Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan belə deyib. Onun sözlərinə görə, Ermənistanın bloklara qoşulmaması ölkənin gələcəkdə Avropa İttifaqına üzv olması ilə yanaşı alternativ seçimlərdən biridir.
"Təbii, Ermənistanda avrointeqrasiya ideyası və təklifləri var. Amma bloklara qoşulmayan ölkə strategiyası da gündəmdədir. Vətəndaş cəmiyyətinə qulaq asırıq və hansı seçimin Ermənistan üçün daha yaxşı olacağını anlamağa çalışırıq", - A. Qriqoryan deyib.
Ermənistanın baş naziri Nikol Paşinyanın ən yaxın adamlarından birinin "ölkənin bloklara qoşulmayan dövlət statusu"na transformasiya edə biləcəyi ilə bağıl açıqlama təsadüf deyil.
Strategiyanın müəlliflərinin Parisdə, Yelisey Sarayında olmaları şübhə doğurmur. Fransa hesab edir ki, bloklara qoşulmayan ölkə statusu Ermənistanın Avropa İttifaqına və sonradan da NATO-ya üzvlük məsələsinin müzakirəsindən əvvəlki mərhələ üçün "ən əlverişli taktika"dır.
Təsadüfi deyil ki, Fransanın XİN başçısı Ketrin Kolonna dünən Aİ ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Brüsseldə keçirilmiş toplantısından əvvəl bəyan edib: "Məqsədimiz Avropa İttifaqı strukturlarının və quruma üzv dövlətlərin Ermənistanınn ərazi bütövlüyü ilə bağlı dəqiq siqnallar verməsidir. Ermənistanın ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən əməl çox sərt cavab almalıdır".
Onun sözlərinə görə, Aİ Ermənistana verdiyi dəstəyi Avropa Sülh Fondu vasitəsilə, habelə Ermənistandakı missiyasını gücləndirməklə artıracaq.
K.Kolonna onu da deyib ki, Aİ Ermənistana hərbi yardımın göstərilməsi, eləcə də Ermənistan vətəndaşları üçün viza rejiminin liberallaşdırılması imkanlarını nəzərdən keçirir.
Aİ-nin xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel isə bəyan edib: "Avropa İttifaqı Bakıya xəbərdarlıq edib ki, Ermənistanın ərazi bütövlüyünün pozulması Brüssel və Bakı arasında münasibətlərin dəyişməsinə səbəb olacaq".
J.Borrel daha sonra bildirib ki, Avropa Sülh Fondu Ermənistana hərbi yardım ayıra bilər: “Avropa İttifaqı Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardım göstərilməsi və vətəndaşları üçün viza rejiminin liberallaşdırılması imkanlarını dəqiqləşdirir”.
Göründüyü kimi, Fransanın ssenarisinə uyğun olaraq Ermənistanın hərbi-siyasi yön dəyişdirməsi sürətlə gedir.
44 günlük İkinci Qarabağ Müharibəsi başa çatan gündən bəri rəsmi İrəvan MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) sərt tənqid edir, fəaliyyətsizlikdə və yarıtmazlıqda suçlayır. KTMT-də əsas rolu Rusiyanın oynadığını xatırlasaq, İrəvanın ittihamları və sərt bəyanatları bilavasitə Moskvaya ünvanlanıb.
Nikol Paşinyan dəfələrlə bəyan etmişdi ki, 44 günlük müharibədə Rusiya Ermənistana yardımlar etmədi, döyüş bölgəsinə qoşun yeritmədi - halbuki, İrəvandakı səslərə görə, KTMT Nizamnaməsinə uyğun olaraq Rusiya bunu etməli idi.
Daha sonra Ermənistanın hakimiyyət isteblişmenti və siyasi elitaları ölkə vətəndaşlarında əvvəlcə KTMT-yə, sonra isə avtomatik olaraq Rusiyaya qarşı dözülməzliyi aşılamağa başladılar.
Sonda Nikol Paşinyan məramını açıq dedi: "İstisna etmirəm ki, Ermənistan KTMT sıralarında üzvlüyün dondurulması və ya ümumiyyətlə, üzvlükdən imtinanı nəzərdən keçirə bilər".
Bütün bu demarşlarla paralel olaraq rəsmi İrəvan baş verənləri elə təqdim edirdi ki, sanki Ermənistan KTMT-ni yox, KTMT Ermənistanı tərk etmək niyyətindədir.
Paşinyanın məqsədi bəllidir: "bloklara qoşulmayan ölkə statusu"ndan aralıq mərhələ qismində istifadə edərək NATO-ya yaxınlaşmaq, sonra isə imkan yaranarsa, Şimali Atlantika Alyansına qoşulmaq.
Ermənistan Rusiyadan uzaqlaşmaq üçün artıq konkret addımlar atmağa başlayıb və ilkin mərhələ qismində RF biznesinin ölkədə məhdudlaşdırılması, sonra da sıxışdırılıb çıxarılması taktikası seçilib.
Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komitəsi bəyan edib ki, ölkədəki mobil rabitə bazarınnı böyük qisminə nəzarət edən "MTS Ermənistan" şirkətini Kiprin "Fedilco Group Limited" şirkətin satmaq niyyətindədir.
"MTS Ermənistan"ın səhmlərinin 100 faizi Rusiyanın MTS şirkətinə məxsus olsa da, Ermənistandakı şirkət bütünlüklə Kiprdə qeydiyyata alınmış struktura satılacaq.
Rusiya İrəvanın demarşlarını sakitliklə qarşılayacaq, yaxud laqeyd seyr edəcəkmi? Təbii ki, yox. Lakin Moskvanın reaksiyası və ya Rusiyanın narazılığının Ermənistanın təhlükəsizliyi üçün hansısa formada təhdid yaratması İrəvan isteblişmentini narahat etmir.
Tam əksinə, Nikol Paşinyan xarici siyasətində dəyişiklikləri davam edirərək Ermənistanınn doktrinal seçimini bəlirləmək fikrindədir. Fransanın təkidlərinə, Avropa Birliyinin israrlarına və təlimatlarına baxmayaraq Ermənistan rəhbərliyi İranla münasibətləri hələ tam sərinləşdirmək niyyətində deyil.
Rusiya isə Paşinyan üçün geosiyasi, iqtisadi, hərbi və s. müstəvilərdə hami qismində artıq maraqlı deyil.
Rəsmi İrəvan əvvəl KTMT, sonra da MDB sıralarını tərk edərək bu qurumlara alternativlər aramaq fikrindədir.
Parisdən alınan vədlərə və Brüsseldən göndərilən dəstək mesajlaranı inansaq, Qərb Ermənistana ünvanladığı dəstəyi bundan sonra daha da artıracaq.
Ermənistanın bloklara qoşulmama ölkə statusuna can atmasına gəldikdə isə, bu, primitiv oyundur. Parisdən və Brüsseldən müvafiq təlimat alınan kimi arayışlar dayandırılacaq, axtarışlara son qoyulacaq.
Yaxın illərdə Avropa İttifaqına və NATO-ya Ermənistanın üzv olacağı ilə bağlı İrəvandakı hakimiyyətin daxili siyasi arenada sürətlə tirajladığı narrativlər xam xəyallardır.
Brüsseldə və Strasburqda erməniləri kimsə səbirsizliklə gözləmir.
Ermənistana Qərbə meylli siyasətini intensiv davam etdirərək Rusiya ilə münasibətlərini təftiş adı ilə pisləşdirməyə və sərinləşdirməyə davam edərsə, Nikol Paşinyan hakimiyyəti olduqca ciddi problemlərlə qarşılaşacaq.
Ukraynadakı hərbi əməliyyatlar Rusiyanı geosiyasi, iqtisadi, hərbi və siyasi baxımdan zəiflətsə də, Moskva ona xəyanət edən İrəvanı cəzalandırmaq üçün yetərincə vasitələrə malikdir.
Nikol Paşinyan hakimiyyəti növbəti dəfə Ermənistanın taleyi ilə oynayır.
Bu dəfə İrəvana silahlandırma və dəstək vədləri verərək bölgədə gərginliyi artıran Avropa Sülh Fondu kimi qurumların bəyanatlarına şirnikərək…