Noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində keçirilən dinləmələrdə Azərbaycan və Ermənistan arasında son illər ərzində baş verən müharibənin nəticələri, o cümlədən sentyabrın 19-da Azərbaycanın həyata keçirdiyi birgünlük anti-terror əməliyyat nəticəsində Qarabağda yaşayan ermənilərin Ermənistana köçməsindən danışılıb. Bəs bu dinləmələrin keçirilməsinə əsas varmı və bunun təsirləri nələr ola bilir?
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri (ATXƏM) İlham İsmayılov bildirib ki, ABŞ və Fransanın son vaxtlar ölkəmizə qarşı artan təzyiqləri və anti-Azərbaycan mövqeyini anlamaq çətindir.
“Bu ölkənin hər ikisi sözdə Azərbaycanın ərazi bütünlüyünü tanıdıqlarını bildirsələr də, vaxtaşırı ermənilərin haqsız mövqelərini müdafiə etməkdən də çəkinmirlər. Hər iki dövlət ATƏT-in keçmiş Minsk qrupunun üzvü kimi Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində həmsədr ölkə olmalarına baxmayaraq, heç bir real addım atmayıblar, əksinə münaqişənin uzunmüddətli davam etməsində, Ermənistanın işğalçılıq siyasətinin davam etməsində öz susqunluqları ilə tərəf saxlayıblar.
2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərlə əslində bu dövlətləri oyundan kənar vəziyyətdə saxladı, onların iradəsinin tam əksinə olaraq, işğalla barışmadı və öz torpaqları üzərində suveren hüquqlarını bərpa etdi”, - deyə o qeyd edib.
İ.İsmayılov vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun üçüncü üzvü kimi Rusiyanın atəşkəsin əldə olunmasındakı aktiv rolu və münaqişə bölgəsinə sülhməramlı hərbi kontingetlə gəlməsi bu iki ölkənin oyundan tam şəkildə kənar saxlanılması anlamına gəlirdi.
“Bu gün Ermənistanın tam şəkildə hərbi cəhətdən kapitulyasiya olunduğunu artıq hamı görür. Çox təəssüf ki, bunu qəbul etmək istəməyən erməni lobbisi və onun ABŞ, Fransa kimi havadarları yenidən Ermənistan dövlətçiliyini risk altına salır, onun bitmiş gücünü hesablaya bilmir.
Bu cür dinləmələrə gəldikdə isə hesab edirəm ki, bunların heç bir hüquqi əsası və təsirləri ola bilməz. Bu addımlar daha çox erməni lobbisindən yararlanmağa çalışan siyasətçilərin sadəcə öz işlərinə və retinqlərinə yaraya bilər”, - deyə o əlavə edib.