ABŞ, Fransa və Avropa İttifaqının Azərbaycanla bağlı tutduqları mövqe Xankəndidəki separatçı xuntanın sonunun çatması və Qarabağ münaqişəsinin həlli ilə bağlı deyil. Azərbaycanın güclənməsi Qərbdə razılıqla qarşılanmır və bu, faktdır.
44 günlük İkinci Qarabağ Müharibəsi və sonra da bu ilin sentyabrın 19-dakı lokal antiterror tədbirləri Cənubi Qafqaz bölgəsindəki regional güc nisbətlərini əhəmiyyətli şəkildə dəyişdi.
Azərbaycan yeni geosiyasi reallıqlar formalaşdırmaqla yanaşı ABŞ, Fransa, Rusiya və İranın bölgədəki proseslərə münasibətində əhəmiyyətli yerdəyişmələrə nail oldu.
Bütün bunlarla paralel geosiyasi yanaşma tərzlərində və mövqelərdə də fərqlər var.
Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu 30 il ərzində, daha sonra isə İkinci Qarabağ Müharibəsi dönəmində və sonrakı üç ildə Ermənistanı dəstəkləyən, bununla Cənubi Qafqazda maraqlarının təminatı üçün paritet yaratdığını düşünən İran diskursunu dəyişib.
Rəsmi Tehran Bakı ilə bütün problemlərə rəğmən, münasibətlərin normallaşdırılması kursunu seçib və bunu indi ümdə maraqları çərçivəsindəki addımlar kimi görür.
Kollektiv Qərbin, xüsusilə də Fransanın öncülük etdiyi Avropa İttifaqının və ABŞ-ın Cənubi Qafqazda fəallaşdığını, bu məqsədlə Ermənistandan plasdarm qismində istifadə etdiyini görən İran anlamamış deyil ki, Vaşinqtonla Parisin məqsədi ermənilərin nominal ərazilərində ən müxtəlif adlarla hərbçilərini yerləşdirməkdir.
İranın şimal sərhədindəki Ermənistanda Qərb hərbçiləri təbii ki, "Azərbaycanla şərti dövlət sərhədinin müşahidəsi və monitorinqi" ilə kifayətlənməyəcəklər, İrana qarşı radiotexniki və radioelektron kəşfiyyatla məşğul olacaqlar.
ABŞ, Almaniya, Kanada, Fransa, Belçika, Hollandiya, Latviya hərbçilərinin Ermənistana "Avropa İttifaqının Müşahidə-Monitorinq Missiyası" (EUMM) heyətində toplaşması, üstəlik də bu heyətin artırılması qərarının qəbul ediliməsi İranı narahat edir.
Tehranı qayğılandıran digər məqam Ermənistanın çoxillik münasibətlərə "xəyanət" edərək aşkar şəkildə Qərbə meyllənməsi və perspektivdə hətta NATO-ya üzvlüklə bağlı təkliflə çıxış etməyi reallaşdırmaq istəyidir.
Daha konkret olsaq, Ermənistan rəhbərliyi Gürcüstanın Avrointeqrasiya trekindəki addımlarını təkrarlamaq niyyətindədir.
Fəqət nə Ermənistan, nə də Gürcüstan yaxın vaxtlarda, daha dəqiq olsaq, yaxın perspektivdə nə Avropa İttifaqına, nə də NATO-ya üzv qəbul edilməyəcək.
Avropa İttifaqı ilə Ermənistan və Gürücstan arasında quru sərhdələri yoxdur: bu səbəbdən Tbilisi və İrəvan ən yaxşı halda assosiasiya edilmiş üzvlük statusu ilə razılaşmalı olacaqlar.
Reallıqdan fərqli olaraq, illüziyalar aləmi İrəvana daha doğma olduğundan Ermənistanın baş naziri Nikol Paşinyan Qərbin verdiyi vədləri fəaliyyət proqramının tezisləri qismində qəbul edir.
Fransanı və ABŞ-ı Cənubi Qafqazda daha çox maraqlandıran nüans regional kommunikasiyalara nəzarət rıçaqlarına yiyələnməkdir.
Məhz bu səbəbdən Şərqi Zəngəzür dəhlizi layihəsi ilə Azərbaycan və İranın ilkin anlaşma əldə etiməsi Vaşinqtonu qıcıqlandırıb.
Rusiya da analoji vəziyyətdədir.
Rusiya Federasiyasının siyasi elitaları son ilədək əmindilər ki, dondurulmuş münaqişələr, xüsusilə də Qarabağ münaqişəsi postsovet məkanındakı ölkələrə geosiyasi təsir üçün ən effektiv vasitələrdir.
Qarabağ münaqişəsinin Azərbaycan tərəfindən qısa müddətdə və effektiv çözülməsi göstəri ki, Moskvanın strateji ssenariləri yanlışdır.
Belə ki, Qarabağ münaqişəsi mövcud olaraq qalsaydı belə, Ermənistanın Qərbə meyllənmiş siyasəti reallaşacaqdı və Nikol Paşinyan administrasiyası ilə Moskva arasındakı münasibətlər sərinləşmə kursunda yer alacaqdı. İrəvan Rusiyadan asılılıqdan qurtulmağa, Moskvanın təsir orbitindən çıxmağa can atacaqdı.
Azərbaycan isə tam əksinə - Qarabağ münaqiəşəsinin həllini tapmasına rəğmən, rəsmi Bakı Moskva ilə münasibətləri inkişaf etdirir. Bu isə ölkələrimiz arasındakı əlaqələrin hansısa maraqlar yox, konseptual əsaslar üzərində, konkret siyasi və iqtisadi layihələrin gerçəkləşdirilməsi rakursunda qurulduğuna dəlalət edir.
Eyni zamanda məhz rəsmi Bakı şimal qonşumuzun siyasətində onillərdən, hətta əsrlərdən bəri möhkəm yer almış "türk təhlükəsi" idefiksini amil kimi puça çıxararaq onun yersiz və əsassız stereotip olduğunu göstərdi.
Bu gün məhz Azərbaycanın yürütdüyu xarici siyasət nəticəsində Rusiya, Gürcüstan və İran bölgədəki proseslərə uzaq, region dövlətləri olmayan qüvvələrin müdaxilələrinin yolverilməz və təhlükəli olduğunu anlayırlar.
Azərbaycanın Türkiyə, Pakistan, İtaliya və İsriallə çox intensiv hərbi-texniki əməkdaşlığına, Ukraynadakı hərbi əməliyyatlarla bağlı birmənalı mövqe tutaraq Kiyevin mövqeyini dəstəkləməsinə, Türkiyə ilə "bir millət, iki dövlət" münasibətləri ilə yanaşı, Azərbaycan-Rusiya əlaqələri stabildir, fasiləsiz inkişaf edir və miqyasını genişləndirir.
ABŞ və ya Fransanın Azərbaycanla bağlı bəyanatlarına gəldikdə isə, yeni heç nə yoxdur.
Birləşmiş Ştatların Konqresində indiyədək Azərabycan əleyhinə çox çıxışlar edilib, qətnamələr qəbul olunub, sanksiyalar və cəzalarla bağlı çağırışlar səslənib. Lakin hər belə "qəzəb dalğası"ndan sonra Ağ Evin və Dövlət Departamentinin daha yüksək rütbəli yetkililəri deyiblər ki, Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi, əlaqələrin miqyasının genişləndirilməsi istiqamətində "daha fəal addımlar atılmalıdır".
Ümumiyyətlə, Qərbdə formalaşmağa başlamış anti-Azərbaycan diskursunun qayəsini Ermənistanın Azərbaycanla şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası, habelə yekun sülh sazişinin imzalanması məsələlərindən çox, İrəvanın Avroatlantika mərkəzinə meyllənməsini daha da gücləndirmək istəyi təşkil edir.
Bakıdan isə tələb olunur ki, Cənubi Qafqazda real geosiyasi lider mövqelərindən könüllü geri çəkilsin, İranla yeni layihələri dayandırsın və hətta İran ərazisindən keçməsi nəzərdə tutulan nəqliyyat dəhlizlərindən, o cümlədən Zəngəzur marşrutundan imtina etsin.
Vaşinqton bilməlidir ki, yeni nəqliyyat marşrutları ilə bağlı qonşu ölkələrlə danışıqlar aparmaq və anlaşmalar imzalamaq Bakının suveren hüququdur. Azərbaycanın qərb bölgələrini də Naxçıvanla birləşdirəcək yeni magistral marşrutun İran ərazisindən keçməsi ilə bağlı Tehranla əldə edilmiş anlaşma bəhs etdiyimz qəbildən olan məsələdir.
"3+2" (Azərbaycan, Ermənistan +Rusiya, Türkiyə, İran) formatındakı platformaya gəldikdə isə, bu, Cənubi Qafqaz bölgəsində təhlükəsizliyin təminatı, sülh və stabilliyin bərqərar olması üçün prioritet əməkdaşlıq formalarından biridir.
Ən nəhayət, Vaşinqtonu sinirləndirən digər məqam Azərğaycanın Türkiyə, Pakistan və Çin ilə əməkdaşlığı sürətlə genişləndirərək Avrasiyada formalaşan yeni geosiyasi düşərgənin aparıcı qüvvələrindən birinə çevrilməsidir.
Avrasiyada formalaşan yeni düşərgəinin və mövcud Avroatlantika cinahı arasında 21-ci əsrin ilk qlobal hibrid savaşında hansı nəticənin əldə edilməsindən asılı olmayaraq, Azərbaycan öz müstəqil siyasətini yürüdür.
Gerçək suverenlik də budur.