Müharibə əvəzinə sülh: BİRBAŞA, VASİTƏSİZ DANIŞIQLAR OLACAQ?
ELÇİN ALIOĞLU YAZIR

Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması prosesində yeni nüanslar yaranıb. Bakı və İrəvan problemi vasitəçilərsiz də həll edə bilərlər.

 

ABŞ və Fransanın Cənubi Qafqazda geosiyasi təsir imkanlarını genişləndirmək, Rusiyanı bölgədən "çıxarmaq" və xüsusilə də Azərbaycan diplomatiyasına təzyiq rıçaqlarına yiyələnmək cəhdlərinin toplusundan ibarət olan qərarları, bəyanatları və addımlarından sonra regionda yeni, tam fərqli vəziyyət yaranıb.

 

Vaşinqtonla Parisin aşkar pressinq cəhdləri Azərbaycanla yanaşı, Rusiya və İranda çox kəskin narazılıqla, hətta aşkar qıcıqla qarşılanıb.

 

Kollektiv Qərb bəyanatlarına və qərarlarına rəğmən, bölgədə effektiv təsir imkanlarına hələ də malik deyil. Məhz bu səbəbdən dünyanın bütün başqa məkanlarında kəskin rəqiblər olan ABŞ ilə Fransa Cənubi Qafqazda az qala tandem yaratmış dövlətlər təsiri bağışlayırlar.

 

Amerikalılarla fransalılar bölgədəki proseslərə kobud müdaxilələri ilə yanaşı, danışıqlarda da əsas vasitəçilik və moderatorluq etmək niyyətindədirlər.

 

ABŞ və Fransanın Ermənistana tam, hətta total dəstək verdiyini xatırlasaq, onların obyektiv vasitççi ola biləcəklərinə dərin şübhələr yaranır.

 

Şübhələr əsaslı və real olduğundan rəsmi Bakı Ermənistanla danışıqların Vaşinqton və Brüssel treklərindən hələlik imtina edib.

 

ABŞ Dövlət Departamentinin yetkililərinin, ermənipərəst konqresmenlərin və senatorların Bakıya ünvanlanmış hədələri, onların fasiləsiz aqressiv ritorikası heç bir halda normal diplomatiya və ya obyektiv yanaşma sayıla bilməz.

 

Brüssel formatına gəldikdə isə, Fransa prezidenti Emmanuel Makron da vasitəçilər sırasına qoşulmaq fikrindədir. Fransanın Ermənistana verdiyi total dəstək, erməni ordusunu silahlandırması, ölkəmizlə bağlı absurd və fəsadlı siyasəti təbii ki, Yelisey Sarayının farisey, ikiüzlü mövqeyini aşkarlayır.

 

Vəziyyəti gərginləşdirən digər amil isə Moskvanın vasitəçilik missiyasından Ermənistanın boyun qaçırmasıdır. Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyadan asılılığına son qoymaq, xarici siyasəti aşkar Qərbə meylli istiqamətə yönəltmək və ümumiyyətlə, MDB strukturlarından kənarlaşmaq fikrindədir.

 

Sadalanan amillər təbii ki, Bakı və İrəvan arasındakı danışıqlar prosesinə təsir edib. Lakin prosesdə ümidverici irəliləyişlər müşahidə olunur. Belə ki, Ermənistanın hakimiyyət dairələri şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı vasitəçilər olmadan Bakı ilə birbaşa danışıqlara razılıq veriblər.

 

Razılıq sadəcə, bir mərhələ ilə bağlı olsa da, prosesə müsbət təsir edə bilər.

 

Bundan başqa, Azərbaycanın iki ay yarım əvvəl təqdim etdiyi şərtlərlə təkliflər əsasında hazırlanmış sülh müqaviləsi layihəsinin 6-cı variantını İrəvan Bakıya yollayıb.

 

Nikol Paşinyan iqtidarı sentyabrda sülh müqaviləsinin 5-ci variantını alsa da, cavab verməmiş və mövqeyini açıqlamamışdı.

 

İndi əsas məsələ yekun sülh sazişi ilə bağlı danışıqlar prosesini müzakirələrdən və layihələrin variantlarının mübadiləsindən birbaşa ünsiyyətə keçirməkdir.

 

Səbəb sadədir: danışıqlar prosesinin indiyədək mövcud olan Vaşinqton, Brüssel və Moskva treklərindən heç biri hazırda aktiv şəkildə deyil.

 

Belədirsə, danışıqların yeni mərhələsi və ya raundu harada, kimlərin vasitəçiliyi ilə keçiriləcək, yekun variantı tərəflər qəbul edərsə, sənəd harada imzalanacaq?

 

Vaşinqton mövqelərini səbatlı etmək üçün Azərbaycanla Ermənistana təzyiqlər göstərmək və yekun sülh sazişinin məhz ABŞ-ın vasitəçili ilə imzalanmasına çalışır.

 

Fransa prezidenti Emmanuel Makron arsenalındakı bütün diplomatik, iqtisadi və siyasi vasitələri işə salaraq Vaşinqtonu qabaqlamaq, əsas moderator olmaq istəyir.

 

Birləşmiş Ştatlarla Fransanın fəllaşmasını laqeyd seyr etmək istəməyən və mühahidəçi statusu ilə razılaşmayan Avropa İttifaqı məhz Brüssel formatını canlandıraraq Şarl Mişelin vasitəçiliyi ilə başlanmış trekin bərpasına can atır.

 

Rəsmi Bakı isə Cənubi Qafqazdan çox uzaqda olan dövlətlərin və ya beynəlxalq təşkilatların bölgədəki proseslərə müdaxiləsinini qənaətbəxş hesab etmədiyindən Ermənistanla birbaşa danışıqlara üstünlük verdiyini bəyan edib.

 

Reallıq budur: Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasına, sülh sazişinin imzalanmasına yönəlmiş proses məhz Bakı-İrəvan marşrutunda gerçəkləşməlidir.

 

Sülh prosesinin və danışıqların davamına görə də məhz iki ölkə məsuliyyət daşıyır.

 

Sözügedən səbəblərdən sülh sazişinin imzalanacağı və ya iki ölkənin liderlərinin görüşü ilə bağlı lokasiyanın seçilməsi əvvəlki təki həddən ziyadə çətin məsələ təsiri bağışlamır.

 

Bakının istəyi sülh sazişinin mümkün qədər tez imzalanması olsa da, bu sənəd Azərbaycandan daha çox, dövlət legitimliyinin, suverenliyinin və müstəqilliyinin təsdiqlənməsinə ciddi zərurət duyan Ermənistana gərəkdir.

 

Sülh danışıqlarının növbəti raundunun keçiriləcəyi yer qismində Paşinyan Moskvanı qəbul etmirsə, Bakı üçün də Brüssel və Vaşinqton trekləri artıq aktuallığı ilə məntiqi mahiyyətini itirib.

 

Əslində, Moskva raundunun mümkünlüyünü Bakı da yeganə mümkün format hesab etmədiyindən, İrəvanla birbaşa təmaslara üstünlük verir.

 

ABŞ və Fransa ölkəmizlə bağlı bəyanatların mahiyyətini son vaxtlar guya Bakı-Moskva marşrutunda diplomatik, siyasi, iqtisadi və s. fəalllığın dəfələrlə artması, Rusiyanın Cənubi Qafqazdakı maraqlarının təmçilçisi rolunu Azərbaycanın icra etməyə başlaması kimi absurd iddialar təşkil edirdi.

 

Amma Bakının sülh danışıqlarında Moskva formatını variantına soyuq yanaşaraq İrəvanla bilavasitə müzkirələri üstün tutması Qərbin bəhs olunan iddiaların nə qədər saxta və puç olduğunu da ortaya qoyur.

 

Növbə indi Ermənistandadır. Nikol Paşinyan iqtidarı gerçəkdən də revanişizm xəstəliyinə mübtəla deyilsə, bölgədə dayanıqlı sülhlə stabilliyin bərqərarında maraqlıdırsa, Bakının təklifini qəbul etməlidir.

 

İstənilən başqa yol ermənilər üçün yeni problemlər yaradacaq.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.