Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının (EUMM) rəhbəri Markus Ritter Aİ-nin Ermənistandakı missiyasının işçilərinin sayının 138-dən 209-a çatdırıldığını açıqlayıb.
Onun sözlərinə görə, "Ermənistanda Avropa İttifaqının müşahidəçilərinin sayının artması Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin monitorinqi üçün əlavə imkanlar yaradacaq".
Herr Ritterin nə demək istədiyini anlasaq da, onun sözləri sadəcə, siyasi blef və vəziyyətdən mümkün qədər çox yararlanmaq istəyidir.
EUUM-un Ermənistandakı fəaliyyəti ATƏT-in Minsk Qrupunun "məhsuldar aktivliyi"ni xatırladır və faktiki olaraq, tarixin zibilliyinə atılmış "həmsədrlər triosu"nun bölgəmizdə fərqli, daha bəsit və naqolay təzahürü də sayıla bilər.
Rəsmi olaraq "müşahidəçilər" adlanan, fəaliyyətləri guya sadəcə "monitorinq"dən ibarət olan EUMM mənsubları Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin yaxınlığınla istədikləri qədər dura bilərlər.
Onların zahiri, leqal fəaliyyətləri yalnız Ermənistanda, sərhəd yaxınlığına yollanaraq təpələrə dırmaşmaq və oradan binokllarla Azərbaycan istiqamətinə baxmaqdır.
Belə vəziyyətdə hansı "əlavə imkan"lar formalaşacağı gerçəkdən də, maraqlıdır.
Almaniyada uzun müddət polis rəisi işləmiş, sonra dünyanın müxtəlif məkanlarında "xüsusi missiyalar" yerinə yetirmiş M.Ritterin başçılıq etdiyi EUMM-u Ermənisanda agentura və kəşfiyyat fəaliyyəti ilə məşğul olmaqda da suçlayırlar.
İttihamlar əsassız deyil, çünki qonşu ölkədəki situsiyaya və xüsusilə də Avropa İttifaqının Ermənistana yolladığı heyətin tərkibinə səthi də olsa, bələd olanlar baş nazir Nikol Paşinyanın razılığı ilə faktiki rezidentura şəbəkəsinin formalaşdığını vurğulayırlar.
Bəhs etdiyiimz vəziyyətdən Rusiya Federasiyası və İran xüsusilə narahatdır.
Moskvadakı ekspertlər sürəkli olaraq vurğulayırlar ki, EUMM missiyasının həyata keçirdiyi əməliyyatlar arasında Rusiyanın Ermənistandakı 102-ci bazasının hərbçilərinin izlənməsi, onlar barədə agentura məlumatlarının toplanması və imkan yaranarsa, hədəf seçilmiş hərbçilərin “verbovkası” var.
Bununla bağlı olaraq Ermənistanın müvafiq dövlət qurumlarına da hələlik media və ictimaiyyət üçün qapalı saxlanan xəbərdarlıqlar edilib.
Rəsmi Tehran isə sərhədlərinin yanında EUMM "müşahidəçiləri" arasında yer alan NATO hərbçilərinin və ekspert-analitiklərinin fəaliyyətindən çox narazıdır.
Markus Ritterin rəhbərlik etdiyi missiyanı özünün Ermənistanla bağlı planlarına və geostrateji istəklərinə ciddi maneələrdən biri hesab edən Tehran rəsmi İrəvanla təmaslarında da düzəlişlər edib.
Türkiyə və Azərbaycanın birgə, müttəfiq fəaliyyətindən narahat olan İran bölgədə Ermənistanı özünə təbii tərəfdaş sayaraq Ankara-Bakı tendeminin fəaliyyətinin zəiflədilməsinə çalışırdı.
Ermənistanın baş naziri Nikol Paşinyanın zaman keçdikcə daha da aşkarlanan Qərbmeyilli xarici siyasəti, İrəvanın diplomatiyasında Fransanın dominant qüvvə roluna yiyələnməsi Tehranın İrəvanla münasibətlərinə ciddi təsir edib.
Ermənistan illər boyu müttəfiqlik vədləri ilə razı salmağa çalışaraq hamilik çətirlərindən yararlanmağa can atdığı Rusiya və İranla münasibətlərini artıq konseptual baxımdan mühüm hesab etmir.
Nikol Paşinyan və komandası "avrointeqrasiya yolu" tutduqlarını deyirlər. Ancaq ermənilərin hakimiyyət dairələri hələ də dərk etmirlər ki, onlar Qərbə sadəcə, Cənubi Qafqaz bölgəsində Rusiya ilə qarşıdurmada vasitələrdən biri qismində gərəkdirlər.
Ümumiyyətlə, avrointeqrasiyasının sırf siyasi marşrut olması, Avropa İttifaqı rəhbərliyinin yeni üzvlər və ya üzvlüyə namizədlərlə bağlı qərarları Brüsselin geosiyasi maraqları çərçivəsində verdiyi bəllidir.
Ukrayna, Moldva və Gürcüstanla bağlı qərarlar bəhs etdiyimiz məsələnin bariz nümunəsidir. Aydındır ki, sadalanan ölkələrdəki situasiyalar Brüsselin qərarlarına obyektiv zəmin üçün qətiyyən uyğun deyil.
Ukrayna, Moldova və Gürücstanla bağlı qərarlar Ukraynadakı hərbi əməliyyatlar və yaşanan proseslərdən dolayı Rusiya ilə qarşıdurmada Avropa İttifaqının mövqelərini möhkəmlətmək, imkanlarını artırmaq məqsədilə verilib.
Ukrayna və Moldovaya daha üstün statusun verilməsi qərəzli, subyektiv qərardır: çünki Gürcüstan avrointeqrasiya yolunda daha ciddi məsafə qət etmişdi.
Buna rəğmən, Ukrayna və Moldova hazırda Avropa İttifaqına daxil olmaq üçün danışıqların başlanacağı ölkələr statusuna yiyələniblər, Gürcüstan isə yalnız belə danışıqlara namizəd sayılıb.
Avropa İttifaqı ermənilərə də vədlər verərək onlar üçün Kiyev və Kişineu perspektivlərinin reallaşacağını bəyan edir.
Ukrayna, Gürcüstan və Moldova indiki şərtlərlə, mövcud şəraitdə avrointeqrasiya istiqamətində əhəmiyyətli addımlar atmaq potensialında deyillər. Onların üzvlük məsələsi yaxın illərdə həll edilərsə, onda Avropa İttifaqı fərqli birlik olacaq, Avropada fərqli reallıq bərqərar olacaq.
Bundan sonra nə olacağı isə Ukraynadakı hərbi əməliyyatların nəticəsi ilə kollektiv Qərblə Rusiya arasındakı qarşıdurmanın nəticələrindən asılı olacaq.
Ermənistanın avrointeqrasiya yolu da bəhs etdiyimiz nüanslarla bağlı olduğundan, rəsmi İrəvan ona verilən vədlərə ifrat dərəcədə inandığından çox ciddi problemlərlə qarşılaşa bilər.
Daha doğrusu, İrəvanın diplomatiyası bəsit və primitiv olduğundan, Paşinyan iqtidarının yaxın zamanlarda ciddi pressinqə məruz qalması ehtimalının reallaşma şansı çox yüksəkdir.
Qərbin tələblərini yerinə yetirmək və xüsusilə də Fransanın təlimatlarını gerçəkləşdirmək üçün Ermənistanın siyasi isteblişmenti ilk baxışdan paradoksal bəyanatlar verir.
Məsələn, baş nazir Nikol Paşinyan billdirib: "Qarabağdan Ermənistana gəlmiş ermənilərin geri qayıtmaq imkanları yoxdursa, onların Ermənistanda qalmaları üçün hər şeyi etməliyik".
Halbuki rəsmi Bakı ölkəni könüllü tərk edərək Ermənistana yollanmış qarabağlı ermənilərin geri qayıtmalarında şeç bir problem olmadığını dəfələrlə bəyan edib. Geri dönüş etmək üçün qarabağlı ermənilər Azərbaycanın mövcud qanunvericiliyində nəzərdə tutulmuş prosedurları yerinə yetirməli, ölkə vətəndaşlığını qəbul etməli, Azərbaycan cəmiyyətinə inteqrasiyaya başlamalıdırlar.
Bu qədər sadə.
Kollektiv Qərbin, ən çox da Avropa İttifaqının bölgəmizdə sülhlə stabilliyin bərqərar olması ilə bağlı strategiyasını, xüsusilə də Ermənistanla bağlı yürütdüyü siyasəti geniş şərh etməyə zərurət yoxdur. Bu siyasət qərəzli, mövcud situasiyanı nəzərə almayan, heç bir perspektivi olmayan taktikadır.
Estoniyanın sabiq XİN başçısı, hazırda Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinə başçılıq edən 61 yaşlı Marina Kalyurandın son bəyanatı da deyilənlərə sübutdur.
“Rəsmi Bakının Avropa İttifaqının, avrokomissar Jozep Borrelin, Avropa Parlamentinin sədri Roberta Metsolanın ünvanına tənqidləri qəbuledilməzdir. Avropa İttifaqının, bizim Ermənistandakı monitorinq missiyamızın ünvanına da Azərbaycandan çoxlu tənqidlər eşildirik. Vəziyyəti diqqətlə müşahidə edirik. Azərbayacanın verdiyi vədlərə əməl edərək ermənilərin Dağlıq Qarabağa qayıdışlarını və ora dönmək istəyən ermənilərdən Azərbaycan vətəndaşlığını qəbul etmədən, hər hansı təhdidə məruz qoyulmadan təhlükəsizliklərinin təminatını gözləyirik. Qarabağlı ermənilərə hər hansı təzyiq beynəlxalq hüquq baxımından yolverilməzdir", - M.Kalyurand deyib.
Eston siyasətçinin bəyanatının hər cümləsi idiotizm, siyasi bisavadlıq və marazmdır.
Marina Kalyurandın rəngli dünyasında qarabağlı ermənilər kütləvi şəkildə geri qayıdaraq heç bir maneələr olmadan yenidən məskunlaşa bilərlər. Təbii ki, erməni işğalından azad edilmiş ərazilərdə, Azərbaycan vətəndaşlığını qəbul etmədən.
Bəs yaxşı, bu ermənilər vətəndaşlığımızı qəbul etmədən Azərbaycan ərazisində hansı statusda yaşayacaqlar?
M.Kalyurandın bəyanatının forma və mahiyyəti illüziyadır. O, erməni işğalından azad edilmiş bütün ərazilərimizdən hərbçilərimizin və polis əməkdaşlarının, dövlət qurumlarını mənsublarının çıxarılmasını, həmin ərazilərə ermənilərin yerləşməsini yalnız müşahidə etməyimizi, Xankəndidə separatçı rejimin bərpasını, ermənilərin yenidən silahlı dəstələr yaradaraq terror hücumlarını etməsini "beynəlxalq hüququn tələbləri" sayır.
Cənubi Qafqazda möhkəmlənmək və təsir mexanizmlərinə yiyələnməyə çalışan Avropa İttifaqı çox yanlış siyasət yürüdür.
Qərbə mey-llənən daha çox erməni, Azərbaycanla şərti dövlət sərhədində daha çox binokl heç nəyi dəyişməyəcək.
Dəyişən həmişəki kimi, az sonra Avropa İttifaqının prioritetləri olacaq.