İrəvan özünü kənarda axtarır: NƏTİCƏ YAXŞI OLMAYACAQ
ŞƏRH - PROQNOZ

Ermənistan kollektiv Qərbin yardımlarına və dəstəyinə güvənir, Azərbaycanla sülh sazişinin imzalanması prosesini mümkün qədər uzatmağa çalışır. Amma İrəvanın istəkləri yenə də xülya olaraq qalacaq, çünki...

 

İnkişaf etmiş dövlətlərin başqa ölkələrə, xüsusilə də inkişaf etməkdə olan dövlətlərə münasibəti bəllidir. "Qızıl milyard"ın yaşadığı areal "qlobal cənub" sayılan geosiyasi məkana yalnız resurs bazası kimi baxır və qəti əminliklə bəyan edir ki, bütün dünyada məhz Qərb dəyərləri bərqərar olmalıdır.

 

Ukraynadakı hərbi əməliyyatlar, Afrikanın qərbində neokolonializmə qarşı müqavimətlə mübarizənin kəskinləşməsi, Cənubi Amerikada onillərdən bəri stabil qalan düzənin təkanlarla darmadağın olması, İsrail-Fələstin müharibəsi, ABŞ və Çin arasındakı qarşıdurma, Qərbin Rusiyaya qarşı bütün cəbhə boyu siyasi və iqtisadi hücuma keçməsi - qlobal miqyasda siyasət dəyişir, geosiyasi müvazinət dayaqları dağılır, yeni konfiqurasiyalar yaranır.

 

Qərblə Şərq, Şimalla Cənub arasındakı münasibətlərin yeni formatları təşəkkül tapmaqdadır. Belə vəziyyətdə tərəfdaş və hətta müttəfiq sayılan güclərlə dövlətlər arasında ziddiyyətlər kəskinləşir, siyasi, iqtisadi və hərbi bloklarla ittifaqlar qütbləşir.

 

"Pax Americana" "(Amerika dünyası") ideologiyasını bütün dünyaya qəbul etdirməyə çalışan, maraqlırını təmin etməyə zərurət yarananda dünyanın istənilən məkanını "mənafe bölgəsi" elan etməyi təxirə salmayan ABŞ-ın siyasəti də fərqlidir.

 

Daha dəqiq olsaq, bu siyasətə münasibətlər, Birləşmiş Ştatların vədlərinə reaksiyalar dəyişib.

 

Ukraynadakı proseslərə qədər Şərqi Avropa, Yaxın Şərq və postovet məkanı ölkələrində ABŞ-a inam çox böyük idi. Lakin indi situasiya kökündən fərqlidir. Dünənədək Vaşinqtona sonsuz etimad bəsləyən xalqlarla ölkələr artıq Birləşmiş Ştatların vədlərinin reallığına inanmağa çox çətinlik çəkirlər.

 

Mövcud şərtlər çərçivəsində məntiqlə ABŞ və Avropa İttifaqı arasında tərəfdaşlıq daha genişmiqyaslı, intensiv olmalıdır. Kollektiv Qərb tarix boyu "başqa" dövlətlərlə xalqlara yalnız istismar mənbəyi qismində baxsa da, indi ambisiyalarla planlar, taktikalar və strategiyalar ən müxtəlif ifadələrlə pərdələnir. "Demokratiya, açıq cəmiyyət, cinsi azlıqların hüquqları, insan haqları, birgə inkişaf, tolerantlıq" sözləri Qərbin ekspansiyasını müşayiət edən nəhəng təbliğat kampaniyasının tərkib hissələridir.

 

Amma postsovet məkanı ilə Yaxın Şərqdə, Afrikada, Asiyada və Amerikada olan ölkələr Qərbin vədlərini olduğu kimi qəbul etməkdən çəkinməyə başlayıblar.

 

Məsələn, Afrikada Konqo, Zair, Nigeriya, Efiopiya, Anqola və Keniyanın hakimiyyət dairələri zərurət yaranacağı təqdirdə ABŞ və Avropa İttifaqının yardım göstərəcəyinə inanmırlar.

 

Şərqi Avropada - Slovakiya, Albaniya, Macarıstan, Şimali Makedoniya, Serbiya, İtaliya, Bolqarıstan və Polşada vətəndaşlar ABŞ-ın dəstək bəyanatlarını yalnız amerikalıların mənafelərinə xidmət edən siyasətin tərkib hissəsi sayırlar.

 

Litva, Latviya və Estoniya isə Rusiyanın onlara qarşı hərbi əməliyyatlara başlayacağı təqdirdə ABŞ və Avropa İttifaqından yetərincə dəstək alacaqlarına, Vaşinqtonla Brüsselin onları qoruyaraq müdafiə edəcəklərinə inanmırlar.

 

Bu ölkələr NATO üzvləri olduğundan təbii ki, onlara qarşı hər hansı formada aqressiyaya Şimali Atlantika Alyansı dərhal cavab verməlidir.

 

Təbii, NATO üzvü olmayan ölkələrin vəziyyəti daha laübəlidir.

 

İsrail-Fələstin müharibəsi və üstəlik, Konqresdə demokratlarla respublikaçılar arasında qarşıdurmanın "qurban"ına çevrilən, Qərbdən aldığı yardımların azaldığını fasiləsiz vurğulayan Ukraynanın üzləşdiyi vəziyyət postsovet məkanında ABŞ-a güvənən ölkələri təlaşlandırıb.

 

Ermənistandan savayı.

 

Ermənistanın baş naziri Nikol Paşinyan amerikalıların fasiləsiz dəstəyinə tam güvənir və şübhə etmir ki, bütün hallarda, istənilən problematik vəziyyətlərdə ABŞ-a bel bağlaya bilər, bağlamalıdır da.

 

O, Rusiyanın təsirindən qurtulmaq və Qərbə meyilli diplomatiyasını aktivləşdirmək məcrasında Vaşinqtonu alternativsiz hami qismində görür. Bununla belə, N.Paşinyan administrasiyası Fransanı da unutmur, Parisi ikinci əsas havadar saydığını vurğulayır.

 

Halbuki qonşu Gürcüstanın hakimiyyət dairələri Vaşinqtonun strateji etibarlılığına güvənmədikləri üçün Rusiya ilə münasibətləri ifrat dərəcədə gərginləşdirməməyə çalışırlar. Rəsmi Tbilisi şimal qonşusu ilə əlaqələri radikal dərəcədə sərinləşdirəcəyi təqdirdə yeni risklər, çağırışlar və təhlükələrlə üzləşəcəyini bilir.

 

Ermənistan rəhbərliyisə sanki illüziyalara qapılaraq reallığı görmək, gerçəkliyi qəbul etmək istəmir və hələ də kollektiv Qərbin daim İrəvanın yanında olduğunu mantra kimi təkrarlayır.

 

Halbuki kollektiv Qərb homogen deyil, yürütdüyü siyasatədə yekcinslik yoxdur və maraqlar məcmusunun təminatı əsas amil sayılır.

 

Cənubi Qafqazda Qərb və Şərq arasında tənzimlənmiş, rasional siyasət yürüdən yeganə ölkə Azərbaycandır. Geosiyasi nəhənglər arasında birtərəfli və yekun seçim etməyin fəsadlı olduğunu bilən rəsmi Bakı komplimentar diplomatiya ünsürlərinin vəd etdiyi ciddi təhlükələrlə üzləşmir, çünki ölkənin diplomatiyası vətəndaşların maraqları ilə xalqın mənafeyinin leytmotiv təşkil etdiyi sistemdir.

 

Həmin sistem soyuqqanlı siyasət yürüdərək praqmat davranmağı şərtləndirdiyindən regional geosiyasi fonun detalları belə, nəzərə alınır.

 

ABŞ ilə münasibətlərimiz heç zaman bərabərtəcilli, rəvan və axarlı olmadığından Bakı ilə Vaşinqton arasındakı təmaslarda ölkəmiz təzyiqlərlə pressinqi birmənalı rədd etmş tərəfdir.

 

Cənubi Qafqaz bölgəsindəki gərginliyin azaldılması və Ermənistanla sülh sazişinin imzalanması istiqamətində real addımlara zərurət duyulduğu indiki şəraitdə ABŞ, Avropa İttifaqı və Fransa arasında bölgədə geosiyasi təsir imkanları uğrundakı qarşıdurma vəziyyəti əsla yüngülləşdirmir.

 

Xüsusilə də Fransanın Ermənistana total dəstəyi və Azərbaycana qarşı düşmən mövqe tutması Qərbin planlarına ciddi maneədir.

 

Avropa İttifaqı və ABŞ regionda normal mövqelərə yiyələnmək üçün Fransanın ifrat geosiyasi ambisiyalarının və Bakı ilə münasibətləri sərinləşdirərək buza döndərməsinin fəsadlarının nə ilə sonuclana biləcəyini düşünməlidirlər.

 

... Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin Moskvadakı toplantısındakı çıxışlarında da eyni narrativləri təkrarladı, ritorikasına sadiq qaldı. Aydın oldu ki, rəsmi İrəvan MDB çərçivəsində mərkəzəqaçsma strukturlarından, xüsusilə də KTMT-dən mümkün qədər uzaqlaşmaq və ümumiyyətlə, hərbi-siyasi və geosiyasi məqsədli təşkilatlarla kommunikasiyaları kəsmək niyyətindədir.

 

Ermənistanın Qərbə meyllənməsi prosesini dayandırmaq, bu da olmasa, zəiflətmək üçün İrəvana Avrasiya İqtisadi Birliyində yeni səlahiyyət müddətində sədrliyi verən Rusiya yenə də İrəvanı "azad səyahət"ə buraxmaq fikrində deyil.

 

Paşinyan çıxış yolu arayır, amma bu yol onu ümumiyyətlə, yoldan çıxara bilər.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.