MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən görüşlərinin təfsilatları barədə mətbuata çox az informasiyalar verilir. Hələlik yalnız fotoşəkillər, qısa videogörüntülər və bir də quru rəsmi xəbərlər “danışır”.
Ancaq ötən illərdə bu formatda keçirilən görüşlərin təcrübəsinə istinad etsək, MDB dövlət başçılarının 2023-cü ilin sonunda Sankt-Peterburq toplantısının hələlik açıqlanmayan qərarlarının təsirini də çox yaxın zamanlarda keçmiş Sovetlər məkanında açıq görə biləcəyik.
O fakta mütləq diqqət yetirməliyik ki, MDB dövlət başçılarının bu formatda keçirilən görüşlərində daha çox ümumi maraqları əhatə edən təhlükəsizlik məsələsi ön planda olur və adətən, Qərbdən qaynaqlanan təhlükələr barədə dövlət başçıları məlumatlandırılır, onları önləmə və neytrallaşdırma tədbirləri müzakirə edilir.
Məsələn, 2021-ci ilin dekabrında keçirilən toplantıdan dərhal sonra – 2022-ci ilin 2 yanvarında Rusiyanın Mərkəzi Asiyaya çıxışını qapatmaq üçün Qərbin radikal “islamçı”ların əliylə Qazaxıstanda planlaşdırdığı çevriliş cəhdinin qarşısı alınmış, KTMT qoşunları Qazaxıstana yeridilmiş, Nazarbayevin yerinə gətirilməyə hazırlanan MTK rəhbəri və sabiq baş nazir Kərim Mənsimov həbsə atılmış, Qazaxıstan rəhbərliyinə isə Tokyev əyləşdirilmişdi...
Qazaxıstanın Qərbin təsirinə keçməsinin qarşısını alan və Mərkəzi Asiyaya yolunu açan Rusiya ardınca da 2022-ci ilin 24 fevralında Ukraynada hərbi əməliyyatlara başlamışdı...
İndi isə Rusiya üçün həyati əhəmiyyətli daha bir vacib dəhlizdə - Cənubi Qafqazda Ermənistan ABŞ və Avropa İttifaqının ən fəal oyunçusuna çevrilməyə, hətta Qərblə inteqrasiyada daha çox məsafə qət etmiş Gürcüstanı da qabaqlamağa can atır.
Ermənistanla Azərbaycan arasında tezliklə sülh sazişinin imzalanması Rusiyaya Qərbin önünü “İskəndər səddi”ndə - Cənubi Qafqaz dəhlizində də kəsmək və təhlükəsizlik təminatı qazanmaq deməkdir.
Son aylar Putinlə görüşlərdən yayınan Paşinyanın Sankt-Peterburqa çağırılması və Əliyevlə vasitəçisiz görüşdürülməsi, ardınca da Peskovun “tərəflər sülh müqaviləsi imzalamağa hazırdır” bəyanatını səsləndirməsi artıq Putinin bu məsələdə də Qərbi önlədiyini göstərir.
Əgər Paşinyan yenə də Qərbin təhrikiylə Azərbaycanla sülh müqaviləsi imzalamaqdan yayınacaqsa və yaxud da müqaviləyə Qərbin şərtlərini salmağa çalışacaqsa, o halda “Qazaxıstan ssenarisi”nin bu dəfə Ermənistanda təkrarlanma ehtimalı xeyli böyükdür – KTMT Nizamnaməsinin tələblərini açıq-aşkar pozması və ərazisində NATO silahlılarını yerləşdirməsi KTMT-nin Ermənistana hərbi müdaxiləsi üçün yetərli hüquqi əsas yaradır...