Ermənistanın hakimiyyət dairələri Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduqlarını deyirlər, amma bu sənədin reallaşması üçün adekvat sayıla biləcək heç bir addım atmırlar. İrəvan sözlə əməl arasındakı ziddiyyətləri günbəgün artırır.
Ermənistanın baş naziri Nikol Paşinyan 2024-cü ilin ilk günündən bəri Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün "real və konkret addımlar atıldığını" vurğulayır. Parlamentin spikeri Alen Simonyan "Bakı ilə danışıqlarımız davam edir, ciddi irəliləyişlər qeydə alınır" deyir, xarici işlər naziri Ararat Mirzoyan isə "danışıqlar asan olmasa da, müəyyən uğurların olduğunu vurğulaya bilərik" söyləyir.
Rəsmi İrəvan Azərbaycanın ərazi bütünlüyünü, sərhəd toxunulmazlığını və suverenliyini tanıdığını, Almata bəyannaməsinin şərtlərinə əməl etdiyini vurğulayır.
Zahirən Ermənistanın hakimiyyət dairələri sülh müqaviləsinin imzalanmasında, şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı prosedurların mümkün qədər tez başlamasında maraqlıdır.
Kollektiv Qərb, xüsusilə də Fransa və Avropa İttifaqı da bu narrativi təkrarlayır, "sülhpərvər Ermənistan"a tam dəstək verdiklərini bəyan edirlər.
Halbuki reallıq Ermənistan rəhbərliyinin bəyanatlarından çox uzaqdır.
Situasiyaya ötəri də olsa, nəzər saldıqda bir sıra nüanslar aşkar görünür.
Rəsmi Bakı sülh sazişinin imzalanması, habelə delimitasiya və demarkasiya, kommunikasiyaların bərpası və yeni nəqliyyat marşrutlarının istifadəyə verilməsi məqsədilə İrəvanla birbaşa danışıqlarda maraqlıdır. Vasitəçilərsiz danışıqlar hər iki ölkənin marağındadır, çünki özlərinə vasitəçi və ya qarant statusu əldə etməyə çalışan dövlət, yaxud təşkilat mütləq şəkildə merkantil maraqlarını təmin etməyə çalışacaq. Yəni istənilən vasitəçi prosesə qatılarsa, Bakı və İrəvanın hər birindən güzəştlərlə preferensiyalara nail olmaq məqsədilə malik olduğu bütün vasitələrdən istifadə edəcək.
Eyni zamanda, rəsmi Bakı sülh müqaviləsi imzalanandan sonra Ermənistanda qisasçılıq və revanşizmin yenidən aktivləşməyəcəyinin təminatını İrəvandan istəyir.
Ermənistanın baş naziri Nikol Paşinyan isə irreal mövqe tutaraq Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesinin beynəlxalq təminatla müşayiət olunmasını təkidlə israr edir.
Paşinyan fasiləsiz olaraq vurğulayır ki, Azərbaycanla yeni müharibənin olmaması üçün beynəlxalq təminat, qarant institutu gərəkdir.
Halbuki Bakı ilə İrəvan arasında yeni silahlı toqquşmanın istisnası üçün Ermənistanın mövcud qanunvericiliyində dəyişikliklər olunmalıdır.
Vasitəçilər və ya qarantlara gəldikdə isə, Ermənistanın siyasi isteblişmenti bu tələbləri səsləndirməyə davam etməklə Fransa, Avropa İttifaqı və ya ABŞ-ın prosesdə "obyektiv moderator" olacaqlarını düşünür.
Xam xəyaldır, çünki İrəvanın bəhs etdiyimiz bəyanatları Rusiya Federasiyası və İrana da prosesə aktiv qatılmaq üçün imkanlar yaradır. Moskva ilə Tehran artıq fəallaşıblar və onların hər biri özünü Bakı-İrəvan trekindəki sülh danıhıqlarında qarant, yəni əsas təminatçı qismində görmək istəyir.
Ermənistanın siyasi elitaları beynəlxalq təminat mexanizmlərinə "zərurət duyulduğu"nu vurğulayırlar, halbuki belə mexanizm artıq mövcuddur.
ABŞ, Fransa və Avropa İttifaqı "Ermənistanın ərazi bütünlüyü, sərhəd toxunulmazlığı və suverenliyi məsələlərində İrəvana tam dəstək" verdiklərini dəfələrlə bəyan ediblər.
İranla Ermənistan arasında intensiv əlaqələr mövcuddur. Rusiyanın isə Ermənistan ərazisində hərbi bazası var, rusiyalı sərhədçilər Ermənistan sərhədlərini qoruyurlar, üstəlik Moskva özünü İrəvanın faktiki strateji müttəfiqi saydığını mantra kimi təkrarlayır.
Sadalanan məqamların toplusu ilk baxışdan Ermənistanın xeyrinədir, amma Paşinyan administrasiyası "qarant və vasitəçi" narrativlərindən əl çəkməzsə, ermənitlərin vəziyyəti ağırlaşacaq.
Bakıya nə təminatçı, nə də qarant gərək deyil.
Yetər ki, Ermənistan rəhbərliyi ölkənin mövcud qanunvericiliyində və qanun aktlarındakı aqressiv ritorikanı aradan qaldırsın.
Belə ki, Ermənistanın Dövlət Müstəqilliyi Bəyannaməsində və Konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddiaları yer almaqdadır.
Üstəlik, Ermənistan parlamentinin 1992-ci ilin 8 iyul tarixli qərarı, Almata bəyannaməsinin mətninə İrəvanın əlavələri və düzəlişləri, Ermənistanın BMT-dəki daimi nümayəndəsinin bu təşkilatın baş katibinə məktubu və s. sənədlər ermənilərin Azərbaycanın suverenliyinə, ərazi bütünlüyünə və sərhəd toxunulmazlığına qarşı aqressiv iddialarının qüvvədə olduğunu göstərir.
Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanın iddiaları, Ermənistan rəhbərliyində təmsil olunmuş şəxslərin bəyanatlarında Azərbaycana qarşı yönəlmiş revanşist və aqressiv ritorika - bütün bunlar da var.
Sadalanan məqamları nəzərə alsaq, Ermənistan rəhbərliyinin "sülhməramlı bəyanatları" adlı sözlərdir: qonşu ölkənin qanunverici aktlarında, xüsusilə də Konstitusiyasında düzəlişlər olmazsa, ermənilərin dediklərinə inanmaq aşkar və təhlükəli sadəlövhlük olardı.
Ermənistanın baş naziri Nikol Paşinyanın dediyinə görə, "sülhün əldə edilməsi üçün Azərbaycan konkret və əməli addımlar atmalıdır".
Təbii, Bakı belə addımları atıb və prosesin uğurla başa çatması üçün bütün vasitələrdən yararlanacaq.
Ermənistan rəhbərliyinə gəldikdə isə, parlament spikerinin və ya XİN başçısının militar, aqressiv, Azərbaycana qarşı ərazi iddialarının yer aldığı bəyanatlarının yaratdığı, üstəlik, bundan sonra yarada biləcəyi problemləri Nikol Paşinyan çözməli olacaq.
Azərbaycanla Ermənistan arasında sülh sazişi bölgədə dayanıqlı sülhün və stabilliyin bərqərar olması istiqamətində sadəcə, ilk addımdır.
Prosesin uğurlu olması üçünsə Ermənistan rəhbərliyi absurd və təhlükəli oyunlardan əl çəkməlidir.