Azərbaycan nümayəndə heyəti AŞPA-nı tərk etdi. Ölkəmiz Avropa Şurasında qalsa da, bu qurumun Parlament Assambleyası ilə bütün əlaqələri kəsdi. Bundan sonra nə olacaq?
2001-ci ildə Avropa Şurasına üzv olandan sonra ilk dəfədir ki, ölkəmiz Avropa Şurasının Parlament Assambleyası (AŞPA) ilə bütün əlaqələri kəsdi. Beləcə, Rusiyadan sonra Azərbaycan AŞPA-nı tərk edən ikinci ölkə oldu.
AŞPA-nın prosedur qaydalarına görə, ildə bir dəfə AŞPA-nın hər bir hissə-sessiyasının açılış günündə milli parlamentlər öz nümayəndə heyətlərinin etimadnaməsini təqdim etməyə dəvət olunur. Azərbaycan parlamenti olan Milli Məclis on iki nəfərlik nümayəndə heyətinin etimadnaməsini təqdim edib.
Dünənki qərar yalnız Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyətlərinə aiddir. Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü olmaqda davam edir.
Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin tanınmaması ilə bağlı qətnamə dünən 76 lehinə, 10 əleyhinə və 4 bitərəf olmaqla qəbul edilib.
Avropa Şurası Parlament Assambleyası Azərbaycanın Avropa Şurasına üzvlüyündən irəli gələn “əsas öhdəlikləri yerinə yetirmədiyi” qənaətinə gələrək, sessiyanın açılışı günü etiraz edilən Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməmək barədə qərar qəbul edib.
Bu barədə AŞPA-nın saytında yayılan məlumatda bildirilib.
“Assambleya “Dağlıq Qarabağdakı vəziyyəti” də misal çəkərək, Azərbaycan rəhbərliyinin Laçın dəhlizindən azad və təhlükəsiz keçidin olmamasından irəli gələn “çox ciddi humanitar və insan haqları nəticələrini etiraf etmədiyini” qeyd edib və Assambleyanın sentyabr hadisələrini pislədiyini xatırladıb.
Nəhayət, parlamentarilər Assambleya ilə “əməkdaşlığın olmamasına” dair bir sıra misallar gətiriblər, o cümlədən onun monitorinqi üzrə məruzəçilərinə siyasi motivli ittihamlarla saxlanılan şəxslərlə görüşə icazə verilməməsi, Assambleyanın qarşıdan gələn prezident seçkilərini müşahidə etməyə dəvət olunmaması, seçkilər və AŞPA-nın digər məruzəçilərinin ölkəyə səfərlərinin rədd edilməsi və s.
“Reqlamentdə nəzərdə tutulmuş şərtlər yerinə yetirildikdə, Azərbaycan nümayəndə heyəti Assambleyadakı fəaliyyətini bərpa edə bilər”, - deyə AŞPA deputatları bildiriblər.
... Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin tanınması ilə bağlı qətnamənin təşəbbüskarı de-yure olaraq alman deputat Frank Şvabedir.
F.Şvabe qətnamə layihəsi ilə bağlı təklifini oxuyarkən Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini "sentyabrın 7-də keçiriləcək seçkilər" kimi təqdim edib. Bu isə Şvabenin üzündən oxuduğu və guya "müəllifi" olduğu sənədin başqa məkanda, başqa şəxslər tərəfindən hazırlandığına dəlalət edən fakt sayıla bilər.
O, ölkəmizi "qarabağlı erməniləri zorla Qarabağdan çıxarmaqda, insan haqlarını pozmaqda, Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməməkdə və s." suçlayıb. AŞPA-nın Prosedur Qaydalarının 8-ci bəndi belə səbəblər olduqda üzv ölkənin nümayəndə heyətinin səlahiyyətlərini dayandırmağa imkan verir.
F.Şvabe ilə faktiki olaraq paralel qaydada Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrel Azərbaycanı "Ermənistanın ərazi bütövlüyünə təhlükə yaratmaq"da, habelə "qarabağlı ermənilərin ərazilərini ələ keçirməkdə" (!) suçladı.
Sual yaranır: Azərbaycan nə üçün AŞPA-nın nümayəndə heyətini və ya müşahidəçilərini qəbul etmədi?
Səbəblər çoxdur.
44 günlük İkinci Qarabağ Müharibəsini düşmənin kapitulyasiyası ilə başa vuran Azərbaycan ötən ilin sentyabrın 19-da lokal antiterror tədbirləri keçirərək Xankəndidəki separatçı xuntanın mövcudluğuna son qoydu.
AŞPA isə Azərbaycanın öz ərazisində həyata keçirdiyi əməliyyatlarla bağlı bəyanat qəbul etdi. Sənəddə ölkəmizin ərazi bütövlüyü dəstəklənsə də, AŞPA-da bu sənədin müzakirəsi zamanı ümumi ab-hava Azərbaycana qarşı yönəlmişdi.
Bu ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri isə Azərbaycanın bütün (!) ərazisində baş tutacaq ilk seçkilər olacaq. Ölkəmizin ərazi bütünlüyünün bərpasına yönəlmiş lokal antitteror tədbirlərini "qarabağlı ermənilərə qarşı yönəlmiş etnik təmizləmə" adlandıran AŞPA-nın nümayəndə heyətini və ya müşahidəçilərini seçkilərlə bağlı ölkəmizə dəvət etməksə məntiqsiz, mənasız qərar olardı.
Onu da unutmayaq ki, ötənlərdə Azərbaycanda keçirilmiş seçkilərdə müşahidəçi olan və həmin prosesləri müsbət dəyərləndirən AŞPA nümayəndələri sonradan Qərb mediasında təqiblərə məruz qalmış, korrupsiyada, xəyanətdə, qeyri-obyektivlikdə və s. suçlanmışdılar.
Məsələn, Azərbaycandakı seçkilərdə müşahidəçi olmuş Almaniya Xristian-Demokrat İttifaqının üzvü, AŞPA deputatı Karin Ştrenzi hazırda ölkəmizin nümayəndə heyətinin AŞPA-nı tərk etməsinə vəsilə olmuş qərarın "təşəbbüskarı" Frank Şvabe "Bakıda rüşvət almaqda" ittiham etmişdi.
Yəni fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edəcək və sonra da seçkilər barədə obyektiv, adekvat, gerçək rəy verəcək istənilən AŞPA mənsubu mütləq şəkildə çoxsaylı absurd, əsassız ittihamlarla qarşılaşacaq.
Azərbaycan 2001-ci ildə Avropa Şurasına qatılanda Bakının əsas məqsədi ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğalına son qoymaqda sözügedən strukturun imkanlarından və səlahiyyətlərindən yararlanmaq idi.
Lakin 2001-ci ildən sonrakı 20 il ərzində AŞPA erməni işğalçılarına və aqressiv Ermənistana qarşı beynəlxalq hüquq çərçivəsində heç bir (!) addım atmadı, müvafiq qətnamə və ya bəyanat qəbul etmədi. İşğalçı Ermənistanın AŞPA-dakı nümayəndə heyətinə qarşı da heç bir sanksiya tətbiq edilmədi.
Təbii ki, Ermənistan indi Azərbaycanın nümayəndə heyətinin AŞPA-nı tərk etməsi faktından maksimum istifadə etməyə çalışacaq. Avropa İttifaqı ilə əlaqələrini, o cümlədən hərbi-siyasi müstəvidə təmaslarını intensivləşdirən İrəvan AŞPA-da nümayəndə deputatlaramızın olmayacağından yararlanaraq ölkəmizə qarşı bu strukturda daha aktiv fəaliyyətə başlayacaq.
AŞPA-da Azərbaycana qarşı qəbul edilmiş isterik, beynəlxalq hüququn selektiv tətbiqinə əsaslanan qərar rəsmi Bakının nə Avropa Şurası, nə də Avropa İttifaqı ilə sıx əməkdaşlığına və tərəfdaşlığına təsir etməyəcək. Azərbaycan inkişaf etmiş dövlətlərlə, Qərblə işbirliyini daha da aktivləşdirəcək.
AŞPA-da sırf merkantil və korporativ maraqlar üçün istifadə edərək Azərbaycana təzyiq göstərməyə çalışan qüvvələr planlarını reallaşdıra bilməyəcəklər.
Bakıya qarşı bu pressinq cəhdləri əslində Qərbin mövqelərinin Cənubi Qafqazda güclənməsinə, Avropa İttifaqı ilə Azərbaycan arasındakı kommunikasiyalarda maneələrin formalaşmasına səbəb olacaq.
Strasburq və Brüssel bunu artıq anlasalar da, gecdir.
Onların yol verdikləri səhvlərin fəsadlarını aradan qaldırmaq üçün qarşıda bir il var.
Bir il də gözləyirik - AŞPA destruktiv mövqelərindən əl çəkərsə, nümayəndə heyətimiz bu struktura qayıdacaq.
Əks təqdirdə, geosiyasi anaxronizmə çevrilmək istiqamətində sürətlə irəliləyən AŞPA-nın Azərbaycana gərək olmadığı tam anlaşılacaq.