İllər əvvəl küçə sorğusundan qayıdan jurnalist əməkdaşımız əsəblə belə demişdi:
“Soruşuram, Afiyəddin Cəlilov kimdir? Gənclərdən biri deyir, küçə adı”.
Bəli, bu günə qədər onu küçə adı kimi tanıyırdıq: Afiyəddin Cəlilov.
Şəhərin mərkəzi küçələrindən olan bu yolun kənarında xeyli sayda tanınmış obyekt var. Hansısa şirkət özünü reklam edəndə, tıxac zamanı, avtomobil qəzası vaxtı Afiyəddin Cəlilov adını eşidirdik.
Bu gün isə tamam başqa səbəbdən köhnə kişini xatırladıq.
Zaman bəzən böyük kişilərlə belə zarafatlar da edir.
Məsələn, Honq Man Çoi adlı bir döyüşçü var. Boyu 2.18 metrdir.
Qıçı boyda uşaqlar onu döyüşə çağırır, biri çəçələ barmağını ayaqlarının arasına salıb burur, onu təslim edir. Digəri saçını dartıb-dartıb incidir, təslim edir.
Həyat nəhənglərlə belə məzələnir.
İndi də bu vızbaş uşaq. Söhbət həmin vızbaş uşaqdan gedir ki, aylar əvvəl o, gah avtobusda “jim” edir, gah metroda bağırır, gah restoranda barın üstünə tullanırdı. Son dəfə etdiyi hərəkət isə onun əsl kimliyinin açılmasına səbəb oldu.
Etdiyi hərəkət isə bundan ibarətdir: küçədən keçən yaşlı bir qadını qucağına alıb sərt şəkildə silkələyir, sonra da yerə buraxır. Bu yaşda insanların onsuz da sümükləri ağrıyır. Həm də onların sümüyündə çat yarananda heç vaxt sağalmır.
Boyu az qala, iki metrə çatan bu yöndəmsiz uşaq isə qarının yaşına, vəziyyətinə baxmayaraq qucağına alıb silkələyir, sonra yerə atır. Emosional durumda isə həmişə olduğu kimi emosional toplumumuz emosional reaksiya verir. Gördülər uşaqdır, başladılar ailəsini söyməyə. Ailəsini söyəndə bəlli oldu ki, bu uşaq əlinə silah alıb Naxçıvanı ermənilərdən qoruyan, Naxçıvan Ali Sovetinin sədri, Azərbaycan Ali Sovetinin sədr müavini, prezidentin müşaviri (1994) Afiyəddin Cəlilovun nəvəsidir. Özü də babasının adını daşıyır: Afiyəddin Cəlilov.
Düzdür, onun babasını da bir gün vurub öldürdülər.
Amma nəyin üstündə?
Baba Afiyəddin Cəlilov sanballı siyasi xadim idi. Bir gün də ambisiya və prinsipləri səbəbindən yaşadığı binanın qarşısında güllələndi.
O, 1994-cü ildə prezident müşaviri kimi Qarabağla bağlı Bişkek protokolunu imzalamaq üçün Qırğızıstana getmiş və protokoldakı bəndlərdən birində tərəf kimi “Dağlıq Qarabağ Respublikası” ifadəsini görəndə gecə ilə prezident Heydər Əliyevə yığmış, Əliyev isə ona demişdi ki, həmən geri dönsün.
Afiyəddin Cəlilov təkcə imza atdığı yox, imza atmadığı əməllərlə də məşhurdur.
Düzdür, biz tarixdə və çağdaş Azərbaycanda dəfələrlə möhtəşəm kişilərin övladlarının, nəvələrinin naxələf çıxdığını görmüşük. Elə bu reallıqdan yaranan bir atalar sözü də var: Oddan kül qalar.
Lakin müasir Azərbaycan tarixinin hələ unudulmayan, təzə qanlı səhifələrindən olan Afiyəddin Cəlilovun birbaşa adını və soyadını daşıyan nəvə Afiyəddin Cəlilovun bu və ya digər səbəbdən babasına oxşamaması, oxşaya bilməməsi, oxşamağa çalışmaması, Afiyəddinin “A”sını belə ehtiva etməməsi, əksinə Azərbaycanda məntiqəsığmaz bir səbəblə məşhurlaşması kədərlidir.
Xüsusən də, doqquzca ay qabaq “Rasputindən Putinə - Rusiya necə kiçilir?” essesini yazan müəllif kimi mənim üçün.
Əcəba, problem bizim Afiyəddin Cəlilovu unutduğumuz, daha doğrusu, küçə adı kimi xatırlamağa başladığımız gündən başlanmır?
Bəlkə də, elə Afiyəddin Cəlilov küçə adına çevrildiyi gün nəvəsi də küçə uşağına çevrildi.