Ermənilər Makronu quyuya saldılar
ELÇİN ALIOĞLUNUN YAZISI

Azərbaycanla münasibətləri gərginləşdirməkdə olan Fransa yürütdüyü siyasətdə uğur əldə edə bilmədi. Tam əksinə, zaman Parisin əleyhinə işləməkdədir...

 

Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar, habelə İsrailin Qəzza bölgəsindəki əməliyyatları ABŞ və Avropa İttifaqında geosiyasi prioritetlərdə dəyişikliklərə səbəb olub. Onillərdən bəri Qərbin inkişaf etməkdə olan dövlətlərə tətbiq etdiyi sxem artıq əvvəlki kimi deyil.

 

Belə ki, demokratiya, insan haqları və vətəndaş cəmiyyəti kimi ifadələrlə zənginləşmiş tələblər irəli sürərək hədəfə aldığı dövlətlərə zorla "demokratikləşmə" şərti qoyan Qərb ölkələri dövlətlərin ərazi bütünlüyü, suverenliyi və sərhəd toxunulmazlığı prinsiplərini "millətin öz müqəddəratını təyinetmə hüququ" ilə bərabər tuturdu.

 

Halbuki "müqəddarat"la ərazi bütünlüyü kökündən zidd anlayışlar idi və Qərb də bunu bildiyindən təzyiq göstərdiyi, yaxud göstərməyə çalışdığı ölkənin hakimiyyət dairələrindən "etnik, dini, sosial və s." tirli azlıqların "hüquqlarının tanınmasını" tələb edirdi. Əksər hallarda bu, separatçılığın tanınması tələbi kimi səslənirdi.

 

Moldovada Dnestryanı bölgə, Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Ukraynada Krım, Luqansk və Donetsk onillər boyu mərkəzi hakimiyyətlər üçün separatizmlə yanaşı, aşkar terrorizm təhdidi olaraq qalırdı. Eyni zamanla, separatçı xuntalar ölkənin suverenliyi və ərazi bütövlüyü üçün çox ciddi təhlükə rolunu oynayırdı.

 

Fəqət indi situasiya tam dəyişib: geosiyasi itkilərə və nüfuz geriləməsinə məruz qalan kollektiv Qərb inkişaf etməkdə olan ölkələri, xüsusilə də postsovet məkanındakı bir sıra dövlətləri təsir orbitinə daxil etmək üçün taktika ilə yanaşı, strategiyada da fərqli nüanslarla motivləri reallaşdırmaqdadır.

 

Bariz misal Ermənistandır.

 

Son 30 ildə Ermənistanı sürəkli dəstəkləyən Qərb Azərbaycan ərazilərinin 20 faizini işğalda saxlamasına rəğmən beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməsi üçün rəsmi İrəvana heç bir təzyiq göstərmədi. Tam əksinə, ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsini dinc danışıqlar vasitəsilə nizamlamaq üçün yaradılmasına baxmayaraq, bu strukturldakı həmsədr ölkələr status-kvonu mümkün qədər uzun müddətdə saxlamaq, Azərbaycanı bir neçə rayonla "vidalaşmağa" vadar etmək üçün bütün vasitələrdən istifadə etmişdilər.

 

Bu azmış kimi Xankəndidəki separatçı rejim onillər boyu Qərbdən tam rəsmi şəkildə nəhəng məbləğlərdə maliyyə yardımları aldı, qarabağlı erməni separatçılarının Ermənistanın Qərb ölkələrindəki səfirliklərinin nəzdində "nümayəndəlik" açaraq çalışmalarına imkan verildi.

 

İndisə tam tərsinədir: onillər boyu Ermənistana total və tam dəstək vermiş Qərb erməniləri "30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğalda saxlamaqda, ciddi danışıqlara hazır olmamaq"da suçlayır.

 

Yəni görünən və artıq təsbitlənən məqam odur ki, kollektiv Qərbin əksər dövlətləri Azərbaycanın ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və suverenliyini bərpa etmək üçün apardığı 44 günlük İkinci Qarabağ müharibəsini, daha sonra isə ötən ilin sentyabrındakı lokal antiterror tədbirlərini dəstəkləyirlər.

 

Təbii, Qərbin bəzi ölkələrində xüsusilə də ABŞ-da, Yunanıstanda və Fransada erməni icmasının yerli siyasətə təsir imkanları böyuk olsa da, həmin dövlətlərin belə, Bakıya qarşı təzyiqləri heç bir nəticə vermir.

 

Ermənilərə bol vədlər və dəstək verən ölkələr arasında isə təbii, ilk yeri Fransa tutur. Fransadakı erməni icması fasiləsiz qaydada yerli siyasətçilər, siyasi təşkilatlar, siyasi elitalar və xüsusilə də hakimiyyət üçün istifadə vasitəsi, manipulyasiya nəsnəsidir. Erməni icmasının dəstəyini qazanmaq istəyən siyasi strukturlar və o cümlədən Paris isteblişmenti Ermənistanı bütün (!) müstəvilərdə və istiqamətlərdə qeyd-şərtsiz dəstəkləyirlər.

 

Fransa prezidenti Emmanuel Makronun erməni sevdasının da səbəbləri praqmatizm və merkantillikdir. Sadəcə, bir məqamı dəqiq bilməliyik: nə ermənilər, nə də Ermənistan Makron üçün yaşam prioriteti, siyasi fəaliyyət orientiri deyil. Emmanuel Makron ermənilərdən öz məqsədləri üçün soyuqqanlı şəkildə alət qismində istifadə edir. O, erməni mövzusunu istismar etməklə xarici siyasətdə “böyük dövlət başçısı, strateq və taktik” kimi tanınmağa, daxili siyasətdə isə erməni seçicilərin rəğbətini qazanaraq başçılıq etdiyi partiyanın həmin seçicilərin kompakt yaşadıqları areallarda üstünlüyünü təmin etməyə çalışır.

 

Avropa İttifaqında geosiyasi, iqtisadi, siyasi, hərbi və s. təsir imkanlarının məcmusunun yaratdığı liderlik uğrunda Fransa ilə Almaniya arasında bitmək bilməyən mübarizə var.

 

Avropada nüfuzlu, dünya miqyasında siyasi çəkisi olan dövlət və hökumət başçılarının erası başa çatdığından indi Aİ ölkələrinin tam əksəriyyətində, o cümlədən liderlik uğrunda mübarizə aparan Fransa ilə Almaniyada ölkəni siyasi demaqoqlar, geosiyasi cırtdanlar və ümumiyyətlə, təsadüfi insanlar idarə edirlər.

 

Emmanuel Makron da Almaniyanın kansleri Olaf Şoltsu üstələmək məqsədini reallaşdırmaq baxımından siyasi elitaların dəstəyinə möhtacdır. Belə dəstək elektoral kütlənin miqyasından və böyüklüyündən asılı olduğundan Makron Fransadakı erməni icmasına “ermənidən artıq erməni”liyi ilə bağlı messiclər ötürür.

 

Makronun yarıtmaz taktikası səbəbindən Fransa Cənubi Qafqazda konseptual, uğurlu siyasi model yaradaraq mövqelərini möhkəmləndirmək, bölgədə yaşanan proseslərə sirayət etmək imkanlarına yiyələnmək şansına malik deyil.

 

Avropa İttifaqı Fransaya bölgəmizdə fəaliyyətlə bağlı mandat verməyindən rəsmi Brüssel Cənubi Qafqazda Parisi dəstəkləməyib və belə niyyəti də yoxdur.

 

E.Makron bütün cəhdlərinə, vədlərinə və açıqlamalarına rəğmən, Cənubi Qafşazda Paris-Brüssel tandeminə nail ola biliməyəcək.

 

Ermənistan ordusunun qalıqlarının silahlandırılmasına gəldikdə isə, Fransa erməniləri sözün əsl mənasında, fəlakət ssenarisinə doğru itələyir.

 

Əgər Cənubi Qafqazda eskalasiya alovlanarsa və Ermənistanda fasiləsihz güclənən revanşizm meyilləri maksimuma çatarsa, hərbi əməliyyatilar istisna deyil. Azərbaycanın risklərlə təhdidlərə cavab verəcəyi təqdirdə Qərb, xüsusilə də Fransa ermənilərə yardım etməyəcək.

 

Tam əksinə, belədə Ermənistanı Livan və Ukrayna ssenarilərinin simbiozu gözləyir.

 

Afrikanın qərbindən qovulandan sonra qlobal geosiyasətdə siyasi meyitə çevrilməkdə olan Fransa indi Cənubi Qafqaz bölgəsinə Ermənistan vasitəsilə daxil olmağa çalışır.

 

Amma Makron bir məqamı nəzərdən qaçırır: Ukraynadakı münaqişə kollektiv Qərbi yorub, tükədib və bu səbəbdən Qərb Cənubi Qafqazda yeni avantüraya razılaşmayacaq.

 

Makron nə qədər istəsə də…






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.