
Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, proqram zamanı Rusiya Prezidenti ötən ilə yekun vuracaq və ölkə jurnalistləri və sakinlərinin suallarını cavablandıracaq.
Bakı vaxtı ilə saat 13:00-da başlayan proqram mətbuat konfransı və birbaşa xətt formatında keçirilir. Bu format ilk dəfə 2023-cü ildə istifadə edilib və Putinin 2001-ci ildən bəri keçirdiyi iki ayrı illik tədbiri əvəz edib.
Builki birbaşa xəttə 2 milyondan çox sual daxil olub. Sualların toplanması dekabrın 4-də açılıb və canlı yayımın sonuna qədər davam edəcək.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun bundan əvvəl bildirdiyi kimi, Putin tədbirə əvvəlcədən hazırlaşıb, müvafiq qurumların məlumatlarını və statistik məlumatları təhlil edib.
Proqram çərçivəsində Rusiya Prezidenti iqtisadi, sosial və beynəlxalq gündəmlərlə bağlı sualları cavablandırır. Ötən il “İlin yekunları” verilişi 4 saat 27 dəqiqə davam etmiş və dövlət başçısı 76 sualı cavablandırmışdı. Ən davamlı canlı telefon xətti isə 2013-cü ildə baş tutmuş və 4 saat 47 dəqiqə davam etmişdi.